Sumqayıtın dənizkənarı parkında, sahilə yaxın
ərazidəki ictimai iaşə müəssisələrində sözün həqiqi mənasında polis xofu hökm
sürür.
Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin
sözlərinə görə, bu xofun nəticəsidir ki, obyektlərdə müştərilərə qarşı qəribə
və qeyri-etik münasibət sərgilənir:
“Şəhərin bu hissəsində yerləşən ictimai iaşə müəssisələrinin əksəriyyəti
vətəndaşların ailəvi istirahət üçün nəzərdə tutulub və burada müştərilərə
məxsusi otaqlarda xidmət göstərir. Yəni bu obyektlər sakit, səssiz bir ortamda
vaxt keçirmək istəyən insanlar üçün nəzərdə tutulub. Lakin son bir aydır ki,
bura gələn müştərilər qəribə münasibətə şahid olurlar. Belə ki, sözügedən
ictimai iaşə obyektlərinə məxsus otaqlarda əyləşən vətəndaşlar qarşısında
obyekt əməkdaşları tərəfindən qəribə şərtlər qoyulur. Onlara bildirilir ki,
otaqda olduqları müddət ərzində pərdələri qapamaq və qapını örtmək olmaz. Buna
səbəb kimi, bu cür halların polisin diqqətini cəlb etdiyi bildirilir. Vətəndaşlar
isə hesab edir ki, müştərilərə əxlaqsız insanlar kimi davranmaq, onlara bu cür
münasibət sərgiləmək qeyri-etikdir. Onların fikrincə, əxlaqsızlıqla mübarizəni
vətəndaşların ləyaqətinin təhqiri üzərində qurmaq yolverilməzdir və bunun özü
əxlaqi baxımdan təqdirəlayiq sayıla bilməz”.