“Təmiz Dünya” Qadınlara Yardın İctimai Birliyinin
İçərişəhər, İlyas Əfəndiyev 18 ünvanında yerləşən ofisi dağılıb. Təşkilatın
sədri Mehriban Zeynalova bildirib ki, problem iyulun 19-da ortaya çıxıb.
Məlumata
görə ofisin arxa hissəsində yerləşən mənzilləri adı məxfi saxlanılan şirkət
alaraq burada tikinti işlərinə başlayıb. Ərazidə yeni otelin inşa edildiyi
bildirilir.
Otelin
özəyi qazılan zaman isə “Təmiz Dünya” Təşkilatının ofisinə əvvəlcədən hər hansı
bir xəbərdarlıq edilməyib. Nəticədə özül qazılan zaman divarlarında böyük
çatlar əmələ gəlib və mənzil qəzalı vəziyyətə düşüb. İlyas Əfəndiyev küçəsində
yerləşən daha 4 mənzilin də analoji vəziyyətlə üzləşdiyi bildirilir.
Hazırda
təşkilatın fəaliyyəti iflic olub və zorakılığa məruz qalan, təşkilatın
sığınacağında yerləşdirilən onlarla qadın küçədə qalıb. Təşkilat “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğuna müraciət edib. Amma qoruq nümayəndələri
aktlaşdırılmadan imtina ediblər.
M.Zeynalovanın
sözlərinə görə, dağıdılan ofislə bağlı “İçərişəhər” qoruğu tərəfindən qondarma
iddialar irəli sürülüb: “Dediklərinə görə ora yaşayış yeri deyil və monitorinq
aparılaraq bizə xəbərdarlıq edilib. Amma burada yaşayan sakinlərdən heç biri
bunu təsdiq etmir. Şəxsi əmlakım darmadağın edilib, təşkilatın fəaliyyəti
dayanıb. Hazırda demək olar ki, küçədə işləyirik”.