Növbədənkənar parlament seçkiləri başa çatdı. Bəs media bu seçki prosesindən necə çıxdı? KİV-in seçki prosesi ərzində göstərdiyi aktivlik nə dərəcədə qənaətbəxş sayıla bilər?
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli medianın seçkilərdəki davranışını seçki prosesinə adekvat olduğunu vurğuladı:
“Bununla bağlı medianın seçki prosesindəki davranışı ilə bağlı Mətbuat Şurası monitorinq keçirdi və bu monitorinqin nəticələrini açıqladı. Bu nəticələrə əsasən Azərbaycan mediası adekvat davrandı. Verilən xəbərlərin böyük əksəriyyəti rəsmi xəbərlər oldu. Bu xəbərlərdə daha çox MSK-ya istinad olundu.
Bu müddət ərzində MSK-nın mətbuat xidməti də çox aktiv işlədi. Demək olar ki, hər gün seçkilərlə bağlı informasiyalar yaydı. Media da bu məsələləri işıqlandırdı. Rəsmi mövqe, düzgün informasiyalar medianın xəbərləri arasında əsas yer tutdu. Qəzetlər və jurnallarda, eləcə də radio və televiziyalarda bu proses məcasında getdi.
Onlayn mediada da rəsmi informasiyalara kifayət qədər yer verildi. Lakin burada həm də qeyri-rəsmi, dəqiqləşdirilməyən xəbərlərə də yer verildi. Monitorinqlər göstərdi ki, bu xəbərlərin əksəriyyəti sosial şəbəkələrdən götürülən xəbərlərdir.
Bildiyiniz kimi, seçki prosesində sosial şəbəkələrdən geniş istifadə edildi və bəzi hallarda burada standartdankənar informasiyalar yayıldı. KİV-lərdə gedən neqativ informasiyaalrın bir çoxu sosial şəbəkələrdən götürülən xəbərlər oldu. Amma bütün bunlar ümumilikdə medianın seçki prosesindəki iştiakına kölgə salmadı. Mediada yer alan məlumatların 70%-dən çoxu normal, pozitiv xəbərlər oldu. Həm seçki özü təşviq olundu, həm də əhalidə seçkiyə inam yaradıldı. Namizdələr də öz təbliğat-təşviqat işlərini normal şəkildə həyata keçirə bildilər.
Seçki günü də media normal davrandı. Mətbuat Şurası həmin gün qaynar xətt təşkil etmişdi. Burada yalnız 4 insidentlə bağlı xəbər daxil oldu və onlar da dərhal MSK ilə əlaqə saxlanılaraq aradan qaldırıldı. Ümumilikdə medianın davranışı qənaətbəxş oldu. Bunun bir səbəbi KİV-lərin özün peşəkarlığı ilə bağlı idisə, ikinci səbəb MSK-nın KİV-i gərəkli informasiya ilə təmin etməsi ilə bağlı idi. Hesab edirəm ki, MSK-nın bu fəaliyyəti digər dövlət qurumları üçün də nümunə olmalıdır”.
Seymur ƏLİYEV