Bu gün nəhayət ki, ev alan jurnalistlərin siyahısını gördüm. Bəzilərinin adına həqiqətən sevinsəm də, 2-3 evi olub yenidən ev alanların adına kədərləndim. Kədərləndim ki, kimsə dünyasını dəyişəndə varını-dövlətini arxasına şələləyib aparmır. Yəni bu gün haqqınına girdiyiniz insanlara vaxt gələcək Haqq qarşısında cavab verməli olacaqsınız. Hər nə isə bu sizin öz işinizdir. Allahınızla və vicdanınızla özünüz bilərsiniz.
Amma mən şahidəm ki, həqiqətən evi olmayan kirayələrdə qalan neçə-neçə jurnalistin haqqını yediniz. Bu dünyada da şahidəm, haqq qarşısında da.
Özüm dəfələrlə həmin kirayə qalan jurnalistlərin evində olmuşam, yaxın, dost münasibətlərimiz olub. Bəlkə 2-3 evi olanlar siz bilmirsiniz kirayə qalmaq nə deməkdir. Amma mən illərlə kirayədə qaldığım üçün bunu çox yaxşı anlayıram. Ayın əvvəli nə zaman gəlir, ay nə zaman bitir, insanın xəbəri olmur kirayə qalanda. Kirayə evlərdə insan ömrü də tez keçir. Bilmirsən, uşağın əyər-əskiyini alasan, bilmirsən evə çörək gətirəsən, bilmirsən kirayə verəsən. Çalışırsan, çarpışırsan, gecəni-gündüzə qatırsan ki, ailən, uşaqların qarşısında başı aşağı olmayasan. Kişilər də bu baxımdan əziyyət çəkir, qadınlar da. Qadınlar da bir az daha çox olur əziyyət. Hələ boşanmışdırsa.
Yanlış anlamayın, mən ev üçün sənəd verməmişdim. Yəni yazacağım sözləri siyahıda adımın olmaması ilə bağlamayın. Siyahıya baxıram bir qadın jurnalistin adı yoxdur. O qədər qadın jurnalist var ki, evsiz, üstəlik boşanmış uşaqla. Məncə onlara bu siyahıda olan bəzi adamlardan daha çox lazımdır ev. Danışanda qeyrətdən, əxlaqdan danışırsınız. O, qadın jurnalistlər nəsə bir addım atanda topa tutursunuz, üzərinə əxlaqsız kəlməsini anında yapışdırırsınız. Biz qadınların hər zaman bir evə ehtiyacımız var. Evimiz olanda rahat oluruq, işləyib övladlarımız da böyüdə bilirik kimsəyə, sizin kimi kişilərə ehtiyacımı olmadan.
Çox qadın jurnalistlər tanıyıram ki, hal-hazırda kirayə qalırlar. Bəlkə kifayət qədər iş təcrübələri olmaya bilər. (yəni 10 il) Bəlkə uşaqlarını saxlamaq üçün 3-4 yerdə eyni anda işləyə bilər. (yəni iş yerindən sənəd gətirə bilməz) Amma bu insanlar jurnalistikada varsa, onları işlədikləri qurumla, media orqanı ilə deyil, imzasıyla adıyla tanımalısınız. Ən azından şərait yaratmalısınız ki, özlərini sizə tanıda bilsinlər.
Düşünürəm ki, jurnalistlərin bu haqqını “iş yerindən 10 illik təcrübə” arayışı ilə tapdamayasınız. Bu gün onlarla müstəqil çalışan qadın jurnalistlərimiz var. Onların da Azərbaycan mətbuatında, Azərbaycan jurnalistikasında haqqı var, hər halda onların haqqı bu gün ev alan bəzi insanlardan çoxdur. Gələn dəfə (əgər gələn dəfə olarsa) onların haqqının yeyilməsinə icazə verməyin.
Tərif üçün demirəm Mətbuat Şurasının sədri Əflatun Amaşov dürüst insandır, təmizqəlblidir. O müsahibəsində də, bildirmişdi ki, bu vicdan məsələsidir. İndi Əflatun müəllimə demək istəyirəm ki, nə olur bunu vicdan məsələsinə buraxmayın. Çünki həqiqətən bu gün bir çox insan vicdan baxımından əziyyət çəkir. Onun nə olduğunu bilmir. Gələn dəfə jurnalistlərə imkan yaradın ki, müstəqil olaraq özlərini tanıda bilsinlər. Arayın, araşdırın, ehtiyacı olan jurnalistlərin haqqını kimsəyə yedirtməyin. Günahdı!!!
Bu arada həqiqətən ehtiyacı olub ev verilən həmkarlarımı təbrik edirəm. Sağlıqla yaşayın.
P.S. mənim evim var, kimsəyə ehtiyacım yoxdu. Amma dostların bu siyahıdan kənar qalması insana az təsir etmir.