İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev
şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gedib APA-nın xəbərinə
görə, dövlət başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev
Parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib ki,
Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları
məkanlardan birinə çevrilib. Burada rayon sakinləri, eləcə də qonaqların
istirahətini mənalı təşkil etmək üçün hər cür şərait var.
Prezident
İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak edib. İqtisadi
inkişaf naziri Şahin Mustafayev deyib ki, mərkəzin tikintisinə 2011-ci ildə
başlanılıb, 2013-cü ilin iyulunda başa çatdırılıb. Ümumi ərazisi 1,5 hektar
olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülüb.
Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından
səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaq.
Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında
əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də
təşkil olunacaq. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi,
sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif
təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.
Qeyd
olunub ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə
başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar
üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya
xidmətlərinin göstərilməsidir. Bildirilib ki, 2003-2013-cü illər ərzində bu
iqtisadi rayon üzrə 122 təhsil müəssisəsi tikilib, 28-i isə əsaslı təmir olunub.
Bu müddət ərzində səhiyyə və sosial müdafiə sahələri də inkişaf edib. Ötən
dövrdə 32 səhiyyə müəssisəsi tikilib, 14-ü isə əsaslı təmir olunub. Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri üçün 33 yaşayış binası inşa edilib. Bu
illər ərzində turizm sahəsi də xeyli inkişaf edib. Hazırda Quba-Xaçmaz iqtisadi
rayonunda 100-dən çox mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir.
Gənclərin sağlam böyüməsi də ən vacib məsələlərdəndir. Son 10 ildə 14 gənclər
evi və idman müəssisəsi tikilib istifadəyə verilib. Bu dövrdə 9 su anbarı
tikilib, 175 kilometr su, 120 kilometr isə kanalizasiya xətləri çəkilib. Ötən
10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol və nəqliyyat infrastrukturu xeyli
yaxşılaşdırılıb. 150 kilometr yeni yol çəkilib, 450 kilometr isə əsaslı təmir olunub.
Bu müddətdə 22 körpü və tunel tikilib.
Quba
və Xaçmaz şəhərlərində yeni avtovağzal binaları da inşa olunub. Kənd
təsərrüfatı məhsulları istehsalında da artım müşahidə edilib. Meyvə 1,4, ət
istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artıb. Son illər
bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit
verilib. Bunun nəticəsində 8,4 min yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyevə
Biznes-İnkubator barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına əsasən
biznes-inkubatorlar yaradılıb. Əsas məqsəd gənclər tərəfindən yeni biznes
subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin
edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi
vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu proqram
vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq,
innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcək.
Biznes-inkubator
bölməsi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, layihədə
iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi
planlaşdırılır. Bu müddətin birinci və ikinci mərhələlər üzrə müvafiq olaraq 3
ayı təlimlərin, 8 ayı inkubasiya prosesi, 1 ayı isə monitorinqlərin
keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi üçün nəzərdə tutulub.
İnkubator
bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılıb. Mərkəzdə
kiçik konfrans zalı və tədris otağı da fəaliyyət göstərəcək.
Görülən işlərdən razılığını
bildirən prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.