Dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən prezident daxili qüvvələri nəzərdə tutaraq bildirib ki, son bir ildə ermənipərəst, anti-Azərbaycançı qüvvələr öz fəaliyyətini gücləndirib. Nəzərinizə çatdıraq ki, iqtidar nümayəndələri çıxışları zamanı tez-tez müxalifətlə dialoqdan söz açırlar. Görəsən, dövlət başçısının son çıxışlarında müxalifətə yönələn bu ittihamlardan sonra tərəflər arasında dialoq nə dərəcədə realdır?
Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış vəkil Aslan İsmayılov mövcud situasiyadan narahat olduğunu dilə gətirdi: “Bu gün ölkədə baş verənlər sanki kimlərsə tərəfindən hazırlanmış ssenarini xatırladır və hansısa qüvvələr ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyir. Mən iqtidar nümayəndələrindən bu günə qədər müxalifətə ünvanlanmış real dialoq çağırışı eşitməmişəm. Hakimiyyət tərəfindən söylənilən bütün fikirlər qarşıdurmanı gücləndirməyə yönəlib və mən bu hala çox təəssüf edirəm”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə müxalifətə qarşı müşahidə olunan aqressivliyi qorxu amili ilə izah edib:
“ İqtidarın mövqeyində kifayət qədər ziddiyyətlər var, onlar mövcud durumdan narahatdır. Onları müxalifətdən çox cəmiyyətin son zamanlar iqtidara olan təpkisi narahat edir. Qubada, İsmayıllıda baş verən etirazlar, gənclərin təşkil etdiyi aksiyalar onları qorxuya salıb. Hakimiyyətin əsas hədəfi cəmiyyətdə olan fəallığın qarşısını almaqdır. Mən hesab edirəm ki, dialoq variantı bu gün də realdır. Cəmiyyət gücünü iqtidara göstərdikdən sonra iqtidar məcburən dialoqa gedəcək”.
Xəyal Əzizov