Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovaya təzyiqlər edilir. Mətanət Əzizova "Facebook" səhifəsində yazıb ki, fəaliyyətinə görə oğluna hədə-qorxu gəliblər: "Dünən axşam oğlumun qabağını kəsib hədə-qorxu gəliblər. İki naməlum kişi oğluma "məsləhət" veriblər ki, anasının və nənəsinin dilini kəsib, ağızlarını yumdursun. Yadına "salıblar" ki, kişinin anası polis idarələrini gəzməz və qəzetlərdə şəkilləri çıxmaz. Yaxşı ki, bu uşağın ailəyə təzyiqlərdən uşaqlıqdan xəbəri var. Polis, məhkəmə, döyülmə, maşını qəsdən üstümüzə sürüb qorxutma, işdən qovulma, şantaj, güdmə və s. Bu həyata öyrəşmişdik, çox şeyləri bəzən təbəssümlə qarşılayırdıq. Mənim və anamın seçdiyi yoldur bu yol.
Amma ilk növbədə mən anayam! Uşağımın keçirdiyi psixoloji sarsıntını görüb, dözüb razılaşa bilmirəm. Ona qarşı zorakılıqdan, provokasiyadan, imtahana 2 gün qalmış keçirdiyi stressdən və bu uşağın gələcəyindən narahatam.
Deyəcəksiniz ki, ərizə ilə polisə müraciət et. Müraciət edəcəm, 2012-ci ilin payızında uşağıma və mənə hədə-qorxu gəlinməsi haqda məktub alması, evin qarşısında hədələnib döyüldüyüm haqda DİN-ə yazdığım ərizənin araşdırılıb nəticəsini görəndən sonra".
Moderator.az-ın məlumatına görə, Mətanət Əzizova "Azadlıq"a açıqlamasında deyib ki, oğlu hələ də stressdədir: "Uşağı qorxudublar. Mən özüm də ciddi narahatlıq keçirirəm. Bu ölkədə siyasi və ictimai fəaliyyətə görə övladla sınağa təcrübəsi var. Nümunə olaraq keçmiş deputat Gültəkin Hacıbəylini göstərə bilərəm. Onun oğlunun 10 yaşı var idi, onunla bağlı başqa planı işə saldılar. Mənim oğlum isə yeniyetmədir və mən narahatam ki, ona nəsə edərlər".
Məlumat üçün deyək ki, Mətanət Əzizovanın anası Mirvari Qəhrəmanlı da ictimai fəaliyyətlə vaxtaşırı hakimiyyətin hədəfinə gəlib. Hüquq müdafiəçisi olan Mirvari Qəhrəmanlı həm də Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.