Bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Şahin Əliyev və Əhməd Həsənovun
cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə
verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin
hökmü ilə Şahin Əliyev 11 il, Əhməd Həsənov 9 il müddətinə azadlıqdan məhrum
ediliblər.
Qeyd
edək ki, ittihama görə, ötən il noyabrın 20-də Yeni Suraxanı qəsəbə sakinləri
Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil
etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15 min manat pulu tələb
etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla
həmin gün saat 23:00 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum ediblər.
Təqsirləndirilən
şəxslər Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı (bir qrup şəxs,
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah qismində istifadə
edilən əşyalardan istifadə etməklə, tamah məqsədi ilə və ya sifarişlə adam
oğurluğu), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən
tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab
olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə)
və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya
onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma,
göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.