Yay mövsümünü havasızlıqdan əziyyət çəkən tozlu-bürkülü Bakımızda keçirməyə məcbur olanların bir dilxorçuluğu da mənzil başına yetişmək üçün xeyli əziyyətə qatlaşmalarıdır. Şəhər sərnişindaşıma nəqliyyatında kondisioner sisteminin olmaması tıxaclarda dözülməz istidən bezən bir çox vətəndaşın metroya üz tutmasına səbəb olur. Di gəl ki, bu seçiminə görə də onu elə ilk stansiyadaca peşman edirlər. Platformaya daxil olarkən nəhayət sərinlənəcəyini zənn edən zavallı vətəndaş bayırdakı istidən heç nə ilə fərqlənməyən bürkü ilə qarşılaşır.
Bu azmış kimi hər zamanın başıbəlalı interval məsələsi də metropoliten rəhbərliyi daş atıb başını tutsa da sərnişinləri metroya minmələrinə peşman etməkdədir. Cəfər Cabbarlı-Xətai stansiyaları arasında hərəkət edən qatarda isə gerçək rəzalət hökm sürür. Moderator.az-ın əməkdaşı həftənin çərşənbə günü C.Cabbarlı stansiyasından Xətai stansiyasına getmək üçün nə az, nə çox-düz 21 dəqiqə gözləməli olub.(hörmətli Tağı Əhmədov istəsə stansiyadakı kameranın yaddaşına baxaraq iddiamızın doğruluğuna əmin ola bilər. saat 17.56-dan 18.17-ədək)
Daha bir rəzalətsə yeni gətirilmiş Rusiya istehsalı olan vaqonların sözün həqiqi mənasında saunadan heç nə ilə fərqlənməməsidir. Belə ki, əvvəlki vaqonlarda pəncərələr sürüşdürmə ilə geniş açılırdısa yeni gətirilən vaqonlarda bu nəfəsliklər yuxarıdan aşağıya əcaib şəkildə açılaraq demək olar ki, hərəkət zamanı vaqonlara sərin havanın daxil olmasının qarşısını alır. Görünür, Rusiyanın vaqonqayırma sənayesində inkişafdan yox, tənəzzüldən danışmaq doğru olardı. Hər halda bu cür geriyə doğru addımı anlamaq heç cür mümkün deyil.
Xatırladaq ki, bir müddət öncə metropolitenə kondisionerli vaqonlar da gətirilmişdi, ancaq iddialara görə pik saatlardakı basabas zamanı qapılar açılmadığından onların istismarı məqsədəuyğun hesab edilməyib.
Biz hər gün metrodan istifadə edən milyonlarla sərnişindən biriyik və ümid edirik ki, metropoliten rəsmiləri iradlarımızı anlayışla qarşılayaraq müvafiq tədbirlər görəcəklər.