Həbsdə
olan REAL Hərəkatının sədri İlqar Məmmədov Milli Şuranın vahid namizədini
dəstəkləyib-dəstəkləməyəcəklərinə aydınlıq gətirib.
Moderator.az Aznews.az-a
istinadən xəbər verir ki, İ.Məmmədov bununla bağlı həbsxanadan məktub yazıb.
REAL sədri bildirib ki, onlar Milli Şuranın vahid namizədlə bağlı razılığa
gələcəyi təqdirdə, bu quruma dəstək verəcəkləri sözünü vermişdilər. Bununla belə,
İ.Məmmədov MŞ-in vahid namizəd məsələsində ortaq mövqeyə gəlmədiyi
qənaətindədir.
İ.Məmmədov vahid namizədin kim olduğu və “vahid namizəd haqqında razılıq”ın nə
demək olduğuna dair öz fikirlərini açıqlayıb. O bildirib ki, vahid namizəd
təkcə Milli Şura tərəfindən R,İbrahimbəyovun şəxsində vahid namizəd müəyyən
etməsi deyil, həm də Milli Şuranın hər hansı digər üzvünün öz namizədliyini
qeydə aldırmaq cəhdindən imtinasıdır.
REAL sədri deyib ki, əks təqdirdə seçkilərdə Rüstəm İbrahimbəyovun
namizədliyini qeydə almamaqla, hakimiyyət öz rəqibini özü təyin edəcək.
İ.Məmmədovun fikrincə, İbrahimbəyovun namizədliyini qeydə aldıra bilməməsi
Milli Şuranı məhv edəcək və beləliklə də sözü gedən siyasi nəsil ölkə miqyaslı
səsvermələrdə özünün dalbadal on beşinci siyasi məğlubiyyətini yaşayacaq: “Biz
hamımız İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində geridə
qalmamalıdır. Əks halda, REAL seçkilərə doğru yolunu öz namizədiylə davam
edəcək”.
Qeyd edək ki, Milli Şuranın vahid namizədi R.İbrahimbəyov olsa da, Müsavat
Partiyasının da başqan İsa Qəmbərin namizədliyi ilə bağlı qərarı qüvvədədir.