Xəbər verdiyimiz kimi iyulun 16-da ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirilib. Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov bildirib ki, son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49% -dən 6%-ə enib.
Görəsən, doğrudanmı Azərbaycanda real yoxsulluq faizi səfirin dediyi səviyyədədir?
Moderator.az -ın bu sualını cavablandıran tanınmış iqtisadçı Qubad İbadoğlu səfirimizin fikirləri ilə razılaşmadığını bildirib:
“Biz yoxsulluğun real səviyyəsini müəyyən etmək üçün monitorinq aparmamışıq. Belə bir araşdırma aparmaq üçün külli miqdarda vəsait tələb olunur. Bunun üçün ən azı 5 min ailə təsərrüfatının gəlirləri yoxlanılmalıdır, bizim də belə bir araşdırma aparmağa imkanımız yoxdur. Amma bu deyilən rəqəm inandırıcı deyil. Bir tərəfdən deyirlər yoxsulluq azalır, digər tərəfdən ünvanlı sosial yardım üçün nəzərdə tutulan vəsaitin məbləği artırılır, eyni zamanda ünvanlı sosial yardım alanların sayı ilbəil çoxalır. Bundan əlavə ölkəni tərk edənlərin sayında artım olması, kəndlərdə işsizlik ucbatından vətəndaşların Bakıya axın etməsi də faktdır. Bütün bu faktlar hökumətin Azərbaycanda yoxsulluğun 6%-dən aşağı olması kimi arqumentlərini təkzib edir”.
Xəyal Əzizov