Bakının
Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılış proqramı bəlli
olub. İyulun 17-də “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, binanın açılışına
qatılacaq şəxslər öncə mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edəcək:
“İyulun 22-si səhər saat 8-də bütün tədbir iştirakçıları Azərbaycan Mətbuat
Evinin qarşısında toplaşacaq, xüsusi avtobuslarla Fəxri xiyabana yollanacaq,
daha sonra binanın açılışında iştirak edəcəklər.
Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş binanın açılışında iştirakı
gözlənir. İlham Əliyev bina ilə tanış olacaq. Amma protokolda İlham Əliyevin
jurnalistlərlə ayrıca görüşü qeyd edilməyib.
Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Prezident
açılışı edib gedəndən sonra mənzillərin bölgüsü həyata keçiriləcək. Hansı
mənzilin hansı jurnalistə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək”.
Fond rəhbəri əlavə edib ki, bina tam hazırdır: “Artıq binanın ətrafı
asfaltlanıb, həyətə ağaclar əkilib, uşaqların oynaması üçün ayrıca yer ayrılıb,
həmçinin sakinlərin oturması üçün iki çardaq da quraşdırılıb. Hazırda binada
təmizlik işləri aparılır”