Türkiyədə çıxa "Hürriyet" qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub. Moderator.az-ın xəbərinə görə, məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.
Qəzet yazır ki, İsmayıl Gənc azərbaycanlı mühafizəçilərlə dalaşırmış: "Üç həftə əvvəl meydana gələn qovğada bu dəfə silahlar danışdı. İsmayıl Gənc, azərbaycanlı qorumaların silahlarından çıxan güllələrlə ağır yaralandı və Bakıdakı bir xəstəxanada müalicə altına alındı. Ancaq təzyiq altındakı Azərbaycan mediası bu hadisəni xəbər edə bilmədi. Türkiyə vətəndaşı İsmayıl Gəncin aqibəti də bilinmir. Gəncin ailəsi Bakıdakı TC səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışdılar, amma nəticə ala bilmədilər. Onlar xarici işlər naziri Əhməd Davudoğluna çıxmağa çalışdılar, amma müvəffəq ola bilmədilər. Ailəsi İsmayıl Gəncin yaşayıb-yaşamadığını, öldüsə cəsədinin harada olduğunu bilmək istəyir".
Qəzet daha sonra yazır: "Bu arada nazir oğlu Anar Məmmədovun iki həftə "Çırağan" sarayında milyon dollarlıq bir ad günü ziyafəti verdiyi və Bodrum yaxınlarında 40 milyon dollar dəyərində bir adanı satın aldığı danışılır. Atası Azərbaycanda nəqliyyat naziri olduğunda sıravi bir universitet tələbəsi olan Anar Məmmədovun qısa müddətdə əldə etdiyi sərvət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli söz-söhbət vəsaiti halına gəldi".
Qeyd edək ki, bu hadisə barədə Azərbaycan mətbuatının xəbər yaymaması heç də mediaya təzyiqə görə deyil, sadəcə informasiya ictimaiyyətdən və mətbuatdan ustalıqla gizlədilib.