Bu gün bəzi mətbu orqanlarda Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialında baş verənlərlə bağlı ilginc məlumatlar dərc olunub.
Xatırladaq ki, hələ bir müddət əvvəl Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan davadan sonra bəzi məlumatlar üzə çıxmışdı. AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə sonradan bu təhsil ocağında baş verənləri çılpaqlığı ilə ortalığa qoydu.
Məlumatlarda bildirilir ki, AMİ-nin rektoru, deputat Aqiyə Naxçıvanlı Mingəçevir filialının direktorunu işindən azad edib. Xəbərdə qeyd olunur ki, Şura iclasında Aqiyə Naxçıvanlı filialda baş verənlərin artıq ictimailəşdiyini, mediada barəsində müxtəlif dedi-qoduların səsləndirildiyini əsas gətirərək, Xatirə Həsənovanı işindən azad edib.
Bununla bağlı Moderator.az AMİ-nin rektoru, deputat Aqiyə Naxçıvanlı ilə əlaqə saxlayıb və o yayılan məlumatların həqiqəti əks etdirmədiyini söylədi:
“Biz hazırda Mingəçevir Filialında yoxlamalar aparırıq. Elmi Şuranın qərarı ilə Monitorinq Qrupu oradadır. AMİ-nin Elmi Şurasının təsdiq etdiyi plana uyğun olaraq Mingəçevirdə planlı yoxlama keçirilib. Bu yoxalmalar bütün filiallarda keçirilir, Qubada, Şamaxıda, Ağcabədidə, Gəncədə, Sumqayıtda. Sadəcə olaraq biz hər il 2 və ya 3 filialı yoxlanılanlar siyahısına salırıq. İndi Mingəçevirdə aparılan yoxlamalar da bu qəbildən olan təftişlərdəndir. Sadəcə, indi yoxlama monitorinqlə üst-üstə düşüb. Mingəçevir filialında aparılan yoxlamalar zamanı nöqsanlar aşkarlanıb və bununla bağlı tədbirlər görüləcək.”