Məlum olduğu kimi dünən Zərdab rayonunun icra başçısı Lütvəli Babayev qardaşı oğlunun avtoxuliqanlıq etdiyinə görə həbs edilməsiylə bağlı xəbərlər yayılıb. Bu gün isə baş verənlərə münasibət bildirən icra başçısı bu işdə Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlovu ittiham edərək aşağıdakı açıqlamanı verib:
“Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəlxalq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs edilmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır.
Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub”
Moderator.az ünvanına səslənən ittihamlara münasibətini öyrənmək məqsədilə Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlovla əlaqə saxlayıb. Polis rəisi icra başçısının onun barəsində səsləndirdiyi ittihamları əsassız adlandıraraq, baş verənləri belə şərh edib:
“Cənab prezident İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun göstərişi var ki, kim və ya kimin övladı və ya qohumu olmasından asılı olmayaraq qanunları pozan, avtoxuliqanlıq edən istənilən şəxs cəzalandırılmalıdır. Mingəçevir DYP əməkdaşları da onların qanuni tələblərinə əməl etməyən və avtoxuliqanlıq edən Yadigar Babayevi saxlayıb. Yalnız ondan izahat alınan zaman bəlli olub ki, o icra başçısının qardaşı oğludur. İndi icra başçısı mənim ona qarşı qərəzimin olduğunu iddia edir. Amma bildirirəm ki, mənim ona qarşı hansısa qərəzim yoxdur və ola da bilməz. Onun niyə belə düşündüyünü isə özündən soruşun”
Məlumat üçün bildirək ki, dünən Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə Lütvəli Babayevin qardaşı oğlu, Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər etməsi və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmaması haqda xəbər yayılıb. Məlumata görə, əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunub.