Zərdab rayonunun icra başçısı Lütvəli Babayev qardaşı oğlunun avtoxuliqanlıq üstündə həbs edilməsinə münasibət bildirib. İcra başçısı “Qafqazinfo”ya açıqlamasında qardaşı oğlunu saxlayan polis rəisinin özünün içkili olduğunu, bu hərəkəti də qisas məqsədi ilə etdiyini deyib.
L. Babayev deyib ki, həmin polis rəisi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: “Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəlxalq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs edilmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır.
Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq
da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı
da şillə ilə vurub.
Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli
xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır? Yaxşı olar ki,
adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul
olmasın”
Qeyd edək ki, dünən Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə Lütvəli
Babayevin qardaşı oğlu, Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi
"99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı
avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə
yaradaraq, müxtəlif manevrlər etməsi və Dövlət Yol Polisi bölməsinin
əməkdaşlarının əmrlərinə tabe olmaması haqda xəbər yayılıb. Məlumata görə,
əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev
avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət
göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla
bağlı inzibati protokol tərtib olunub.