Hazırda Kapitoli binasında ABŞ Helsinki Komissiyası Azərbaycana dair brifinq keçirilir. “Başıbəlalı Tərəfdaş ”“ Azərbaycanda Artan Avtoritarizm” başlıqlı brifinqdə ABŞ və Azərbaycan rəsmiləri, ekspertlər və Azərbaycan müxalifətinin nümayəndələri iştirak edirlər. Moderator.az xəbər verir ki, “ABŞ və Azərbaycan bir çox məsələlərdə müştərək maraqlar paylaşır və əməkdaşlıq edirlər," deyə brifinqin təqdimatında deyilir. "Amma son zamanlar Azərbaycanda siyasi situasiya artan şəkildə narahatlıqlar doğurmağa başlayıb. Bu cərəyana yeni QHT-lərin qeydiyyata alınmasında sərtləşdirilmiş qaydalar, jurnalistlərin və insan haqları müdafiəçilərinin həbsləri, internetə qanuni qadağalar, o cümlədən onlayn “böhtan və şərin” kriminallaşdırılması, toplaşma azadlığına qoyulan məhdudiyyətlər, icazəsiz mitinqlərin zorla dağıdılması, insanların arbitraj şəkildə həbsi, ədalətsiz məhkəmə qərarları, siyasi motivli həbslər, mühakimə prosesinin yoxluğu, və icra aparatının ədliyyəyə qarışması daxildir”.
Helsinki Komissiyası qarşıdan gələn oktyabr ayında prezident seçkilərinin keçiriləcəyini qeyd edərək brifinqi Azərbaycanda baş verənləri müzakirə etmək üçün "fürsət" adlandırıb. Brifinqdə şahid qismində görkəmli ssenarist Rüstəm İbrahimbəyovun müxalifətdən vahid namizədliyini irəli sürmüş Milli Şuranın təmsilçisi Eldar Namazov, REAL hərəkatının nümayəndəsi Erkin Qədirli, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan haqları və Əmək bölməsində Dövlət Katibinin yardımçısı Tomas Melia, Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy və başqaları iştirak edirlər.