Gəncənin “Avtozavod” adlanan qəsəbəsinə gedən yolda yerləşən “Qul bazarı“na fəhlə kimi üz tutanların sayı nəinki azalıb, əksinə, daha da artıb.
Moderator.az-ın bölgə müxbiri xəbər verir ki, hazırda Gəncədə də böyük tikintilər aparılır və bu da təbii olaraq fəhlə qüvvəsinə tələbatı artıran faktora çevrilib. Əməkdaşımız sözügedən bazara baş çəkərək, buradakı durumla maraqlanıb.
Özünü Ruslan Məmmədov kimi təqdim edən fəhlənin sözlərinə görə, son vaxtlar “Qul bazarı“na üz tutanların sayının artmasının səbəbi bu işdən yaxşı pul çıxmasıdır. Onun dediyinə görə ən azı gün ərzində bu bazara 250-300 nəfər işçi çıxır və ehtiyaclarını qarşılayacaq pul qazanırlar. Gəncədə aparılan tikinti işlərindən təklif edilən pul isə gündəlik 10 manatdır və onların heç birini qane etmir.
Amma burada gündəlik ruzilərini qazananlardan fərqli olaraq sakinlər “Qul bazarı”ndan narazılıq edir. Müsahibimiz bildirib ki, buna səbəb “qul bazarı”nın əhalinin dayanacaq kimi istifadə etdiyi ərazidə salınmasıdır.
Sərnişin Sabir Həsənov bildirib ki, biz “qul bazarı”nın qaragünlü fəhlələrinin çörək qazanmasının əleyhinə deyilik. Sadəcə olaraq, “Qul bazarı”nın bir az yuxarıda, ərazisi 6 hektardan çox olan inşaat bazarının içərisinə köçürülməsini istəyirik. Belə olan halda həm nalayiq sözlər eşitmərik, həm də “qul bazarı”nın fəhlələri üçün geniş iş meydanı açılar.
Bu məsələ bir neçə dəfə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda da qaldırılıb. Ancaq məsələ indiyə kimi müsbət həllini tapmayıb və əhalini narahat edən problem kimi qalmaqda davam edir.