Elm
və texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən
tətbiqi və innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması,
həmçinin ölkədə elmin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə
alimlərin, ixtiraçıların, mühəndislərin və təsərrüfat subyektlərinin daha
yaxından cəlb edilməsi məqsədilə Azərbaycan Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin sədrinin əmri əsasında «İxtiraçılıq sahəsində
nailiyyətlərə görə Respublika Müsabiqəsinin keçirilməsi Qaydaları» təsdiq
edilib.
Moderator.az-ın xəbər verdiyi kimi, bu barədə Komitənin informasiya
texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Müsabiqənin üstünlükləri Azərbaycanda ixtiraların, yeni texnologiyaların
yaradılmasının həvəsləndirilməsi, ixtiraçılıq fəaliyyətinin və innovasiyaların
stimullaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, perspektivli
patentlərdən istifadə hallarına köməklik göstərilməsindən ibarətdir. Müsabiqə
hər il aprel ayında müxtəlif nominasiyalarda, müsabiqə keçirilən ildən əvvəlki
ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə Komitədə
yaradılan Təşkilat Komitəsi tərəfindən təşkil olunaraq keçiriləcək.
İxtiraçılıq sahəsində nailiyyətlərə görə ilk Respublika Müsabiqəsinin 2012-ci
ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə keçirilməsi
nəzərdə tutulub. Sənəd qəbuluna sentyabrın 2-dən etibarən başlanacaq.