Astara gömrüyündə dərman pereparatlarına qadağa qoyulub. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, Astara gömrüyünün rəisi Hikmət Məmmədovun əməkdaşları İrandan Azərbaycana hətta ən cüzi miqdarda dərman preparatı gətirən şəxslərin belə dərmanlarına əl qoyur, onların ölkəyə dərman keçirməsini əngəlləyirlər:
“Gömrük əməkdaşları elan edir ki, İrandan dərman gətirilməsi yasaqlanıb. Lakin bu yasağın nə ilə bağlı olduğu, hansı qanuna əsaslandığını izah etmirlər. Vətəndaşların şəxsi istifadə məqsədi ilə aldıqları dərmanları belə onlardan alan gömrükçülərin bu addımı ciddi narazılığa səbəb olur. İranda müalicə olunduqlarını və bu dərmanları da müalicə kursunu davam etdirmək üçün aldıqlarını söyləyən vətəndaşlara cavab olaraq, gömrükçülər bildirir ki, İranda müalicə olunmaq olar, amma dərman gətirmək yox”.
Mənbə Astara gömrüyündən əsas ərzaq məhsullarının keçirilməsi ilə bağlı da son vaxtlar ciddi problemlərin müşahidə edildiyini qeyd etdi.