Akademik-deputat Cəlal Əliyevlə hakimiyyətin müəyyən dairələri arasında olan soyuqluğa son qoyulub. Bu barədə Moderator.az-a akademik-deputata yaxın olan millət vəkillərindən biri məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, bir neçə il küskün olan Cəlal Əliyev Prezident İlham Əliyevlə şəxsən görüşüb. Bu görüşdən sonra Prezidentin bir neçə dəfə əmisi ilə telefon danışığı olub və onun hal-əhvalını soruşub. Bildirilir ki, son zamanlar ölkə telekanallarında akademiklə bağlı verilişlərin sayının artması da bununla bağlıdır.
Mənbəmiz onu da deyib ki, son illərə qədər Cəlal Əliyevə yaxınlaşmaqdan çəkinən bir qrup məmur və deputat yenidən onunla kontakt qurmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Cəlal Əliyev həmin şəxslərin görüş istəyini birmənalı olaraq rədd edib.
Xatırladaq ki, Cəlal Əliyevin incikliyi haqda söz-söhbətin tarixçəsi hələ 10 il əvvələ gedib çıxır. 2003-cü ildən sonra Cəlal Əliyevə məxsus olduğu deyilən iri biznes strukturları "vurulub". Bakının mərkəzində bir neçə ticarət mərkəzi ləğv edilib. Son 8 ildə Cəlal Əliyev Milli Məclisin iclaslarına qatılmırdı. Bunu akademikin xəstəliyi ilə izah edirlər.