ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azadlıq Radiosunun peyk yayımına siqnal müdaxiləsi ilə bağlı bəyanat verib. İyulun 15-də səfir Azad Avropa Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Kevin Klose ilə birlikdə radionun Bakı ofisində olub.
Bəyanatda deyilir:
«Azadlıq Radiosunda yenidən olmaqdan şadam. Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifələrini icra edən Kevin Klose ilə burada olmaqdan məmnunam.
Bura gəlməzdən öncə Kevin və mən Azadlıq Radiosunun Azərbaycandakı uğurlu fəaliyyətini, habelə Azadlıq Radiosunun və Azərbaycan dilində fəaliyyət göstərən digər KİV-lərin işinə təsir edən son hadisəni müzakirə etmişik. Belə ki, KİV-lər peyk proqramlarının bəzilərinin Azərbaycan yayımında çətinliklərlə üzləşiblər.
Əvvəl də qeyd etdiyim kimi, Azadlıq Radiosu Azərbaycanın media mühitinə önəmli töhfələr verir. Onun xəbərləri Azərbaycanda obyektiv və müstəqil jurnalistika nümunəsi göstərir ki, bu, çox önəmlidir.
ABŞ hökuməti son məsələdən çox narahatdır və məsələni müzakirə etmək üçün Azadlıq Radiosu ilə əlaqə saxlayıb. Azadlıq Radiosunun mənə verdiyi məlumata əsasən, bu ilin aprelindən bəri radionun «Türksat» peyki ilə proqram yayımı siqnal müdaxilələrinə məruz qalıb. Mən bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etmişəm və onun həllinə hökumətin kömək göstərməsini istəmişəm. Seçki ilində Azərbaycan hökumətinin məlumatın vətəndaşlara sərbəst çatdırılmasını təmin etməsinə köməyi xüsusilə vacibdir.
Amerika Birləşmiş Ştatları Azərbaycanda media və ifadə azadlığını möhkəm dəstəkləyir. ABŞ bu azadlıqlara təminat verildiyinə əmin olmaq üçün Azərbaycan tərəfi ilə birgə çalışmağa hazırdır».