Gəncənin Fikrət Əmirov adına istirahət parkında dəhşətli qətl hadisəsi baş verib. Belə ki, gecə saatlarında gəzintiyə çıxan 15 yaşlı gəncin başı kəsilib.
Moderator.az-ın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsindən aldığı məlumata görə, hadisə saat 22.30 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elgün Elşən oğlu boğaz nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları 15 yaşlı yeniyetməni öldürəni də yaxalayıb. Elgün Məmmədovu öldürməkdə şübhəli bilinən həmyaşıdı, Gəncə şəhər Vəli Xuluflu küçəsi ev 2, mənzil 59-da yaşayan Rəşad Səfərov hadisədən bir neçə saat sonra gecə ikən hadisəni törətdiyi bıçaqla birlikdə Gəncə şəhər baş polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs araşdırmaların davamı üçün istintaq orqanına ”“ Gəncə şəhər Prokurorluğuna təhvil verilib.
Gəncə şəhər Prokurorunun böyük köməkçisi Rəfael Həsənov Moderator.az-a açıqlama verərək bildirdi ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.