YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov sosial şəbəkədəki hesabında 20 Yanvar olaylarının tariximizdəki rolu, habelə bu faciənin müqəssirlərinin cəzalandırılması zərurəri ilə bağlı açıqlama yayıb.
Moderator.az xəbər verir ki, Ə.Əhmədov faciənin üzərindən 30 il keçməsinə baxmayaraq, hələ də müqəssirlərin cəzalandırılmamasını son 100 ilin ən böyük ədalətsizliyi adlandırıb:
“20 yanvar faciəsindən 30 il ötür. Azərbaycanın hər yerində xalqımıza qarşı sovet qoşunları tərəfindən törədilən qətliam anılır, faciənin qurbanları yad edilir. Şəhidlər Xiyabanı sözün əsl mənasında insanlarımızın ziyarət yerinə çevrilib.
20 yanvar faciəsi Azərbaycan xalqının hüzn günü olmaqla yanaşı, həm də dəyanət və mübarizlik nümunəsidir. Sovet qoşunları Bakıda ən ağır cinayəti qəddarlıqla törətsə də, xalqın ruhunu, əzmini və qürurunu sındıra bilmədi. Tam əksinə, bu qanlı cinayət sovet imperiyasının süqutunu daha da sürətləndirdi.
Təəssüf ki, 20 yanvar faciəsinin günahkarları, başda sovet qoşunlarının Bakıya hücum etməsinə əmr verən Mixail Qorbaçov olmaqla bu qəddar əmri icra edənlərdən heç kim cəzalandırılmadı. Yəqin ki, 20 yanvar qətliamı XX əsrdə insanlığa qarşı törədilmiş yeganə cinayətdir ki, günahkarları heç bir cəza almayıb. Bunun özü də ötən 100 illiyin ən böyük ədalətsizliyi sayılmalıdır.
Azərbaycan xalqı və dövlətimiz 20 yanvar şəhidlərimizi unutmur və unutmayacaq. Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!”
Xatırladaq ki, bir müddət bundan öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də 20 Yanvar faciəsinin əsas müqəssiri olan Qorbaçovun cəzalandırılması məsələsini gündəmə gətirib və ondan Nobel sülh mükafatının geri alınmasını tələb edib.
Seymur ƏLİYEV