Bu gün 1990-cı ilin 20 Yanvar hadisələrinin 30-cu ildönümüdür. Bəs mediamız zamanında bu hadisələrə lazımınca reaksiya verib, onun yerli və dünya ictimaiyyətinə çatdırılmasını təmin edə bilibmi?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, 90-cı il mediasının bununla bağlı gördüyü işləri əsl qəhrəmanlıq kimi xarakterizə etdi:
“Həmin hadisələr baş verən vaxtı Azərbnaycan mediası ən çətin şəraitdə bu hadisələr haqqında həqiqətləri yazıya və lentə almaq, gələcək nəsillərə çatdırmaq üçün böyük bir qəhrəmanlıq göstərdi. Həmin dövrdə hər şey qadağan idi. Küçələrdə tanklar dyanmışdı. Hərbi komendanura mövcud idi. Dördqat senzura var idi. Buna baxmayaraq, bizim jurnalistlər gizli də olsa, açıq da olsa sənədli kadrlara qədər xeyli material hazırlaya bildi. Ona görə də 20 Yanvar olaylarının işıqlandırılmasında Azərbaycan jurnalistərinin gördüyü iş hörmətəlayiqdir.
Bu başqa məsələdir ki, sonrakı illərdə bu hadisələrə yanaşma tərzində bir bəsitlik özünü göstərdi. 20 Yanvarla bağlı yazılarda “Matəm günü anıldı” kimi başlıqlar vermək, bunu qaboy səsi, ağlaşma ilə yad etmək bu böyük hadisənin əsl mahiyyəti ilə müqayisədə çox bəsitdir. Bunlar 20 Yanvar hadisələrinə çox bəsit yanaşmadır.
20 Yanvar Azərbaycan xalqının həyatında, ölkəmizin gələcəyində çox böyük rol oynayıb və bu gün də oynamaqdadır. Çünki bu gün də bu hadisə ideologiyamıza, gələcəklə bağlı oriyentasiyamıza güclü təsir göstərməkdədir. Sadəcə, indiki məqamda medianın bu məsələyə yanaşması bir qədər bəsitdir”.
Seymur ƏLİYEV