Rusiya mediasında zaman–zaman erməni maraqlarına xidmət edən, Azərbaycan tərəfinin mövqeyinin əks edilmədiyi, obyektivliyin gözlənilmədiyi məqalələrin yer aldığı kimsəyə sirr deyil. Bu günlərdə Rusiya mediası Azərbaycanın işğal edilmiş torpaqlarında separatçı rejim tərəfindən elan edilən qondarma “respublika”nın Moskva təmsilçisi Albert Andryanın Qarabağla bağlı cəfəng fikirlərinə geniş şəkildə yer verməklə, faktiki olaraq rus ictimaiyyətində yanlış bilgiləndirməyə səbəb olub.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, hər zaman olduğu kimi bu dəfə də çıxışında Azərbaycanın ünvanına ağlasığmaz ittihamlar səsləndirən A.Andryan, Qarabağ və ətraf rayonların itirilməsinə görə, Azərbaycanın özünü ittiham edib. O, qeyd edib ki, Qarabağ əslində heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. Sovet dönəmində Azərbaycanın tərkibindən çıxmaq və Ermənistanla birləşmək haqqında Moskvaya müraciət etdiklərini bildirən separatçı rejim təmsilçisi, SSRİ-nin dağılması ilə bu prosesin başa çatmadığını bildirib.
Çıxışında 2016-cı ilin aprel döyüşlərinə də toxunan A.Andryan bunu faciə kimi qqiymətləndirməyin əleyhinə olduğunu bildirib. Ermənilərin sadəcə bir neçə yüksəklik itirdiklərini bildirən Andryan, bunun müharibənin uduzlması kimi qiymətləndirilməməsi gərəkdiyini vurğulayıb. O, qeyd edib ki, Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlı da hər hansı plan və müzakirə mövcud deyil.
Qondarma “respublika”nın ordusunu möhkləmləndirməkdə davam etdiyini bildirən A.Andryan, gələcəklə bağlı nikbin olduqlarını vurğulayıb. A.Andryan qeyd edib ki, yalnız sülh müqaviləsinin imzalanmasından sonra qondarma “respublika”nın gələcəyi ilə bağlı qəti bir qərar verilə bilər.
Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunu darmadağın edən Azərbaycan hərbçiləri bir sıra strateji yüksəklikləri ələ keçirib, düşməni ağır itkilərlə üz-üzə qoyub.
Seymur ƏLİYEV