“Sədərək Ticarət Mərkəzi “yanır”. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, gün ərzində milyon manatlarla vəsaitin dövriyyə etdiyi ticarət mərkəzində adi ventilyasiya sisteminin olmaması, alqı-satqı mərkəzini sözün həqiqi mənasında isti təndirə çevirir:
“Ticarət Mərkəzinin ayrı-ayrı mağazalarında kondisionerlər mövcud olsa da, bütövlükdə Ticarət Mərkəzində ventilyasiya sisteminin olmaması alqı-satqı mərkəzini əsl işgəncə mərkəzinə çevirib. Yay aylarında hədsiz isti və oksigen çatışmazlığından nəfəs almağın belə müşkülə çevrildiyi ticarət mərkəzindəki havasızlıqdan yalnız satıcılar deyil, alış-verişə gələn müştərilər də ciddi əziyyət çəkir. Dükan sahiblərinin sözlərinə görə, digər bir problem daş karxanalarının fəaliyyəti ilə bağlıdır. Belə ki, küləkli havalarda bu karxanalardan qalxan qalın toz təbəqəsi ticarət mərkəzini əhatə edir ki, ventilyasiya sisteminin yoxluğu şəraitində mərkəz ərazisindəki vətəndaşların normal hava ilə təminatından ciddi problemlər yaranır. Mağaza sahibləri hesab edir ki, o qədər də böyük olmayan vəsait hesabına ventilyasiya sistemi formalaşdırmaq və beləliklə də hər gün minlərlə insanı yaşadığı bu əzabdan xilas etmək mümkündür. Bunun üçün ticarət mərkəzinin rəhbərliyinin az da olsa istək və iradə nümayiş etdirməsi yetərlidir”.