Mursi iqtidarının hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmasının səbəbi nə idi və bu hadisə Yaxın Şərq regionuna necə təsir göstərəcək? Hazırda demək olar, bütün dünya ictimaiyyəti bu suala cavab axtarmağa çalışır. Mövzu təkcə ona görə aktual deyil ki, Misirin devrilmiş prezidenti demokratik seçkilər vasitəsilə hakimiyyətə gəlmişdi və onun hərbi yolla öz postundan uzaqlaşdırılması xalqın iradəsini, yumşaq desək, hesaba qoymamaqdır. Məsələ həm də ondadır ki, bu hadisə onsuz da gərginliyin son həddə yüksəldiyi Yaxın Şərq coğrafiyasında ciddi təlatümlərə yol aça bilər. Biz də bu yazıda hadisənin demokratik prinsiplərə nə qədər uyğun gəlib-gəlməməsindən daha çox, onun geopolitik səbəblərindən danışmağa çalışacağıq.
Bilindiyi kimi, Misir Yaxın Şərq coğrafiyasının həm demoqrafik, həm də hərbi baxımdan ən böyük ölkələrindən biridir. Öz miqyasına görə böyük dövlət olmağın isə üstünlükləri bərabər, onun gətirdiyi problemlər də var və Misirdəki hadisələrin bir çoxunun kökündə məhz bu səbəblər dayanır. Odur ki, həmin ölkədə cərəyan edən istənilən hadisəni regional proseslərdən təcrid olunmuş şəkildə ələ almaq mənzərənin tam mənası ilə görülməsinin qarşısını ala bilər. Misir ilk növbədə İsraillə həmsərhəddir. Fələstin xalqının sionizmə qarşı mübarizəsində ən aktiv fəaliyyətilə seçilən Qəzza zolağına İslam dünyasının yeganə giriş-çıxışı bu ölkə üzərindəndir və sözsüz ki, bu vəziyyət Qəzzada baş verən hadisələrin birbaşa Misir xalqına təsirini qaçılmaz edir.
Əslində Hüsnü Mübarək rejiminin xalqın gözündən düşməsinin başlıca səbəbi də elə Misir hökumətinin çarəsiz fələstinlilərin başına gətirilənlərə biganə yanaşmasıyla birbaşa əlaqədar idi və bu xüsusiyyətinə görə onu hardasa Fələstin qaynaqlı hesab etmək də olar. Mursi hakimiyyətindən ən çox narazı olan qüvvə də bu mənada İsrail idi. O səbəbdən də son hərbi çevrilişdə İsrail barmağının mühüm rol oynaması ehtimalı var və bu ehtimalı bir sıra dəlillər təsdiqləyir. Məsələn, məlum olduğu kimi, dünyanın super gücü sayılan Amerika hakimiyyətinin bu çevriliş zamanı telefon danışıqları aparıb fikrini öyrəndiyi xarici ölkələr arasında İsrailə xüsusi pay düşür. Verilən məlumatlara görə, 11 telefon zəngindən 3-ü İsrailin fikrini almaq üçün Tel-Əvivə vurulmuşdur. Mursi hakimiyyətinin Qəzzadakı HAMAS təşkilatına mənən yaxın olduğunu nəzərə alsaq bunun heç də təsadüfi olmadığını görə bilərik. Mursi hakimiyyətinin devrilməsində İsrailin strateji müttəfiqi olduğunu gizlətməyən ABŞ-ın da mənəvi dəstəyinin olduğu şübhəsizdir. Misir ordusunun çevrilişin əsas müəllifi olması bu dəlillərin başında gəlir.
Təsadüfi deyil ki, həmin ordu hər il Amerikadan 2 milyard dollardan artıq yardım alır və onun sözügedən super gücün iradəsindən kənara çıxması mümkün deyil. Bu ordunun içərisindən çıxmasına baxmayaraq Hüsnü Mübarəkin yetərincə müdafiə olunmaması, əksinə əsgərin qarşı tərəfin yanında səf tutması da məhz Amerikanın iradəsi sayəsində olmuşdur. Ən yaxın adamını qurban verən Misir ordusu indi Mursini hakimiyyətdən yıxmaq üçün aktiv fəaliyyətə keçirsə istər-istəməz ağla bunun hansısa xarici iradənin diktəsiylə reallaşdırılması ehtimalı gəlir. Hadisələrin zamanlaması da bu ehtimalı qüvvətləndirir. Məlum olduğu kimi hərbi çevrilişdən öncə Obama misirli həmkarına telefon açaraq “Demokratiyanın əsas ünvanı seçki qutusu deyil” deyərək istefa mesajı göndərmişdi. Obamanın bu təklifi Musri tərəfindən isterik qəhqəhəylə qarşılandıqdan sonra hərbi çevriliş düyməsinə basılmışdır.
Sual oluna bilər: Bir il bundan qabaq Mursinin hakimiyyətə gəlməsinə göz yuman ABŞ birdən-birə niyə ona qarşı çevrildi? Zənnimcə, bu mövqe dəyişikliyi ABŞ-ın Mursiyə bağladığı ümidin tam reallaşmaması ilə bağlıdır. ABŞ-ın Yaxın Şərq coğrafiyasıyla bağlı planında məzhəb savaşları çıxararaq Yaxın Şərq dünyasını tamamilə gücdən düşürmək və İsraildən asılı vəziyyətə salmaq məqsədi dayanır. Misirdə islamçı qrupların hakimiyyətinə gəlməsiylə bu arzunun reallaşacağına inanan rəsmi Vaşinqton buna görə əvvəl Mursinin hakmiyyətə gətirilməsində xeyli maraqlı görünürdü. Həqiqətən də, ilk dövrlər Mursi hakimiyyəti Suriyada müxalifəti aktiv şəkildə dəstəkləyərək rejim probleminin sünni-şiə müstəvisinə daşınmasına xidmət etdi. Bununla belə Mursi hakimiyyətinin xarakterində ABŞ-ın strateji müttəfiqləri sayılan digər ərəb dövlətlərinin həzm edilə bilmədikləri məqamlar vardı. Bunlardan başlıcalıları yeni prezidentin seçki yoluyla hakimiyyətə gəlməsi və demokratik imici ilə bağlıdır. Səudiyyə Ərəbistanı və Qətər tərəfindən əsl kabus kimi qiymətləndirilən bu xüsusiyyət eyni proseslərin sözügedən ölkələrinə sıçraması ehtimalını yaradırdı. Musrinin devrilməsi üçün meydana çıxan qüvvələr arasında Səudiyyə Ərəbistanına bağlı Nur Partiyasının aktiv rol oynaması Qahirədə ictimai-siyasi vəziyyətin bulandırılmasında rəsmi Riyadın nə qədər canfəşanlıq göstərməsinin ən bariz sübutudur.
Başda Səudiyyə Ərəbistanı olmaqla digər eyni milli dəyərlərə malik dövlətlərin Yeni Misir hakimiyyətinə duyduqları bu əndişə Mursinin regionda təklənməsinə gətirib çıxarır və onu istər-istəməz Türkiyə və İranla yaxınlaşdırmağa məhkum edirdi. Təsadüfi deyil ki, bu il aprel ayının 30-da İran misirli turistlərə viza rejimini ortadan qaldırır və bir növ rəsmi Qahirə ilə yaxınlaşmaq mesajı verirdi. Bu isə regiondakı digər ərəb dövlətlərini və məzhəb savaşları arzusunda olan Böyük Yaxın Şərq Proyektinin müəlliflərini narahat etməyə bilməzdi.
Mursi hakimiyyətinin devrilməsində ən çox rahatlıq tapan ölkələrdən biri də Suriya hakimiyyətidir. Suriyadakı sünni müxalifətin əsasən Misir inqilabından ilham aldığı heç kimə sirr deyil. Artıq silahlı müxalifətin ilham qaynağı olan bu hakimiyyət sıradan çıxarılmışdır. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, ABŞ və Qərb ölkələrinin Suriyada çıxarmağa çalışdığı hadisələr əslində rejim dəyişikliyi məqsədi güdmədiyindən bu coğrafiyada soyulmuş quyruğun yarıda buraxılması ssenarinin müəlliflərinin ideyalarına da zidd deyildi. Məqsəd Suriyanı parçalamaq və tərəflərin bir-birinin qanına qəltan etməsinə şərait yaradılması olduğundan Suriyada əslində buna nail olunub. Özü belə istəmədən Bəşər Əsəd bu oyunun ən aktiv aktyoruna çevrilib. Bu aktyorun sıradan çıxarılıb hakimiyyətin sünni müxalifətə ötürülməsi bütün ssenarini alt-üst edə və İsrailin təhlükəsizliyini ciddi zərbə altında qoya bilər. Maraqlıdır ki, heç İsrail rəhbərləri də bu qorxularını gizlətmirlər. Onlar Əsəd devrilərsə kimyəvi silahların İsrail düşmənlərinin əlinə keçə biləcəyini açıq şəkildə bildirir və bundan əndişələndiklərini ifadə edirlər. Mursi hakimiyyətinin yerinə gətiriləcək yeni hakimiyyət İsrail düşmənləri sayılan “Müsəlman Qardaşları”nı cəzalandırmalı və sünni ittifaqı şəklində Misirdən Fars Körfəzinə qədər yayılmalı, şimalda isə İran, İraq, Suriya və qismən də Livan Hizbullahının bu ittifaqa qarşı şiə zolağı şəklində birləşməsi prosesi güclənməli, beləcə müsəlman dünyası sabah daha qlobal məzhəb savaşlarına hazırlaşmalıdır. Demokratik ənənələrin möhkəmləndiyi Türkiyə isə bu ssenarinin tələblərinə cavab vermədiyindən onun yenə əvvəlki kimi Qərbə inteqrasiya siyasətiylə başı qatılmalıdır.
Heydər Oğuz
Ədalət Partiyasının sədr müavini