Tərtər
rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqla
məşğul olan qadın yaxalanıb. Şöbədən verilən məlumata görə, İrəvanlı kənd
sakini Mais Bayram oğlu Əliyev ərizə ilə müraciət edərək, evindən qızıl-zinət
əşyalarının oğurlanması barədə məlumat verib.
Məlumata əsasən polisin keçirdiyi əməliyyat nəticəsində oğurluq edənin Leyla
Nadirova olduğu məlum olub. O, fala baxmaq məqsədilə evlərə girib, daha sonra
da, oğurluq edib. Mais Əliyevin evinə də bu məqsədlə gələn Leyla Nadirova, evdə
heç kimin olmamasından istifadə edərək qızıl zinət əşyalarını oğurlayıb.
Əməliyyatçılar tərəfindən saxlanılan Leyla Nadirovadan qızıl zinət əşyaları
götürülüb. Polis son dövrdə rayonda bənzər oğurluqların artdığını, bu
hadisələrdə Leyla Nadirovanın əlinin ola biləcəyini ehtimal edir.
Faktla bağlı Tərtər rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma
aparılır.