Aslan İsmayılov: “Rüstəm İbrahimbəyova bu məsələdə şərik qoşmaq ədalətsizlik olar”
Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun yaradıcısı olduğunu bildirib və qeyd edib ki, adıçəkilən qurumun meydana gəlməsi onun xidməti ilə bağlıdır.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu R.İbrahimbəyovun sözlərinin onun öz əleyhinə işlədiyini qeyd etdi: “Əgər R.İbahimbəyov belə deyirsə, demək ona inanmaq lazımdır. Və deməli Milli Şura, Ziyalılar Forumu, “Milyarderlər İttifaqı” və s. bütün bunlar eyni ssenarinin tərkib hissəsi olub. Bu məsələdə hər şey əvvəlcədən düşünülüb”.
Hüquqşünas Aslan İsmayılov isə Ziyalılar Forumunun ideya müəllifi və əsas təşkilatçısının məhz R.İbrahimbəyov olduğunu təsdiqlədi:
“Həqiqətən Ziyalılar Forumunun yaradılması ideyası və əsas yükü, təşkilatçılığı R.İbrtahimbəyova məxsusdur və kimsə bunu mənimsəyə bilməz. Ziyalılar Forumunun bütün iclasları onun evində keçirilib. Hələ Ziyalılar Forumu yaranmamışdan bir il, il yarım qabaq, ilk dəfə R.İbrahimbəyova hücum olan zaman mən onunla görüşdüm. Həmin vaxt o, mənimlə Ziyalılar Forumu haqqında söhbət etdi. Orada bizim aramızda kimlərin Ziyalılar Foruimunda təmsil olunması ilə bağlı müzakirə də oldu. R.İbrahimbəyov bu məsələdə daim israrçı olub və toplantıları öz evində keçirib. Bu baxımdan məlum ideyanın R.İbrahimbəyova məxsus olduğu inkaredilməzdir. Bu məsələdə R.İbrahimbəyova şərik qoşmaq ədalətsizlik olardı”.
Seymur Əliyev