Bu il Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin anadan olmasından 120 il ötür.
Bu münasibətlə Mingəçevir şəhərində ölməz sənətkarın 120 illik yubileyi qeyd olunub.Yubiley mərasimi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin və Azərbaycan Yazıçılar Biriliyinin Mingəçevir bölməsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Mingəçevir və Kəlbəcər Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, aşıq sənətinə dəyər verən yazarlar və musiqiçilər iştirak edib.Yubiley tədbiri görkəmli el sənətkarı Dədə Şəmşirin həyat və yaradıcılığından, o cümlədən Kəlbəcərdən bəhs edən filimin nümayişi ilə başlayıb.
Daha sonra mərasimi açıq elan edən AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə çıxış edərək, aşığın həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Dədə Şəmşir aşıq ədəbiyyatına yeni istiqamət gətirib, özünəməxsus ustalığı ilə aşıq yaradıcılığını zənginləşdirib. Natiq aşıq Şəmşir sənətinə dövlət tərəfindən yüksək qiymət verildiyini də vurğulayıb.
Sonra çıxış edən şair və yazıçılar - Zümrüd Rəhimli, Zahid Qasımlı, Məhyəddin Məhərrəmoğlu və başqaları onun xalq şairi Səməd Vurğunla olan xatirələrindən danışıblar. “El” Televiziyasının məsul əməkdaşı, siyasi şərhçi İnqilab Şirinbəyli isə görkəmli sənətkarın yazdığı şeirlərin elmi və bədii xüsusiyyətlərindən danışaraq bildirib ki,onun əsərlərinin əsas qayəsi dörd mövzunu əhatə edib: təbiət gözəlliklərinin tərənnümü, məhəbbət, icitmai motiv və tərbiyəvi məzmunlu şeirlər.
Həmçinin,qeyd olunub ki,Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb.Bu günə kimi isə sənətkarın bəzi lent yazıları Azərbaycan Dövlət Radiosunun Qızıl Fondunda saxlanılır. Daha sonra aşıqlar ifasında Dədə Şəmşirin irsinə hörmt əlaməti olaraq saz havaları səsləndirilib.Onun haqqında xatirələr və dastanlar söylənilib.