Ölkənin ən böyük mobil operatorlarından sayılan “Azercell Telecom” MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə “Catel” şirkətinə qarşı şok iddia qaldırıb. “Azercell” Telecom MMC-nin davası əsasən fəaliyyəti məhdudlaşdırılan “Catel” MMC ilə bağlıdır.
Moderator.az xəbər verir ki, bu barədə mia.az saytı məlumat yayıb. Saytın məlumatına görə, “Azercell”in iddia ərizəsində operatorlararası əlaqələri tənzimləməkdə məsul olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də “unutmayıb”.
Mobil rabitə şirkəti nazirliyi üçüncü şəxs qismində məhkəməyə cəlb edərək, cavabdehlərdən xətlərarası danışıqlar zamanı yaranmış borc və dəbbə pulunun ödənilməsini tələb edir.
Məlumatlara görə, “Azercell Telecom”la “Catel” və RİTN arasında borc davası artıq Bakı Apelyasiya Məhkəməsində icraata qəbul olunub və araşdırılır: “Tərəflər arasındakı mübahisə hazırda Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə araşdırılır. Hakim şikayətlə bağlı iyulun 10-na növbəti iclas saatı təyin edib. Çox böyük ehtimalla həmin gün qərarını elan edəcək”.
Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovdan münasibət öyrənmək istədik. Ancaq nazirlik rəsmisi məhkəmə işindən xəbərsiz olduğunu deyib.
Bu, “Azercell”lə bağlı ilk məhkəmə çəkişməsi deyil. “Yeni Müsavat”ın ötən saylarında “Azerfon” MMC ilə “Azercell Telekom” MMC arasında məhkəmə çəkişməsi ilə bağlı məlumat vermişdik. Bu iddia operatorlararası danışığa görə yaranmış borcla bağlıdır. Ancaq bu məsələdə iddiaçı qismində “Azercell” yox, qarşı tərəf çıxış edir. “Azercell Telekom” MMC-yə qarşı “Azerfon”un 463 min 755 manatlıq borc tələbi birinci məhkəmə instansiyasının çıxardığı qətnamə ilə öz həllini tapmayıb. Bu səbəbdən də məhkəmənin qərarı üst məhkəmə orqanına şikayət edilməsinə yol açıb. Ölkənin iki mobil operatorunun məhkəmə “döyüşü” hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılıb və qərar yenə də iddiaçını qane etməyib. Apelyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb. Ona görə də “Azerfon” Ali Məhkəməyə üz tutub. Hazırda iş Ali Məhkəmədə araşdırılır.
Görünür, bazardakı inhisarçı mövqeyinə və hakimiyyətdəki himayədarına arxalanan şirkət artıq nəinki rəqibləri ilə, hətta bazarın tənzimləyicisi funksiyasını yerinə yetirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə də məhkəmə çəkişmələrinə başlayıb. Təbii ki, nazirliyi məhkəməyə vermək qəbahət deyil. İstənilən fiziki və hüquqi şəxsin istənilən dövlət qurumunu məhkəməyə vermək, pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ var. Və buna təbii yanaşmaq lazımdır. Ancaq məsələ bundadır ki, şirkət burada ikili standartlardan çıxış edir. “Azerfon”un borcunu ödəməkdən yayındığı halda, “Catel” şirkətindən borcunu məhkəmə qaydası ilə tələb edə bilər. Hətta artıq fəaliyyəti məhdudlaşdırılmış şirkətə qarşı məhkəmə çəkişməsinə dövlət qurumunu da qatır. Bu, yalnız qüdrətli himayədarın dəstəyi ilə mümkün ola bilər.