Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
17 dekabr 2019-cu il tarixli qərara əsasən daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu qərarın mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Bu, çox mühüm qərarlardan biridir. Yerli istehsalçılar ucuz xammalla təmin edildikdə istehsal edilən məhsul da 15% ucuz başa gəlir. Azərbayacana elə məhsullar idxal olunur ki, bu məhsullar faktiki olaraq Azərbaycanda istehsal olunmur. Əgər biz onun idxal rüsumunu 15%-dən 0%-ə endiririksə, həm onun maya dəyəri aşağı düşür, məhsulların daxili bazarda ucuzlaşmasına səbəb olur, həm də xaricə ixrac etmək üçün rəqabət qabiliyyəti yüksəlir.
Elə məhsulların idxal rüsumu 0%-a endirilib ki, o məhsullar Azərbaycanda istehsal olunmur. Bunlar Azərbaycana xaricdən gətirilir.
Qərarın ikinci hissəsi ferroərintilərlə bağlıdır. Cənab prezident Sumqayıtda 2018-ci ildə kimya sənayesi parkının açılışını elədi. Ora kifayət qədər böyük vəsait qoyulub.
Ferroərintilərin ixracını stimullaşdırmaq üçün qərarda dəyişiklik edilib. Bu da çox böyük əhəmiyyət kəsb edir. Ölkədə istehsalına başladılan ferroərintinin ixrac rüsumu 5%-dən 0%-ə endirilib. Bu da məhsulun ixracını artırmaq üçün əhəmiyyətlidir. Belə bir qərarın imzalanması təqdirəlayiqdir.
Ölkəyə xammal kimi metallurgiya, rezin, kimya məmulatları, plasmas, qida sənayesi məhsularının idxalını 0%-ə endirmək daxili bazarda da qiymət ucuzlaşmasına səbəb olacaq, məhsulun maya dəyəri də aşağı düşəcək. Bu, ixracı stimullaşdırmaq baxımından da önəmlidir”.
Seymur ƏLİYEV