Yeni Azərbaycan Partiyasının son qurultayından sonra hakim partiyanın Siyasi Şura və İdarə Heyətində bir sıra dəyişikliklər edildi. Moderator.az-ın xəbərinə görə, yeni dəyişiklər nəticəsində yeniləşən Siyasi Şuranın tərkibində 3 nəfər işsizdir. Bunlardan biri Saatlı rayon icra hakimiyyətinin sabiq başçısı Vaqif Hüseynov, biri Yanacaq Komitəsinin keçmiş sədri Rizvan Vahabov, digəri isə Naftalan rayon icra hakimiyyətinin sabiq başçısı Musa Musayevdir. Qeyd edək ki, adıçəkilən şəxslərdən sonuncusu olan Musa Musayev hakim partiyanın quruculuğu prosesində öndə gedənlərdən olub. YAP hakimiyyəti dönəmində iki müddət millət vəkili seçilən Musa Musayev son illərə qədər icra başçısı postunu da tutub.
Musa Musayev YAP-ın qurucularından olmasına baxmayaraq, bir neçə ildir ki, işsizdir.
Moderator.az-a açıqlamasında Musa Musayev isə bunu belə dəyərləndirib: “Doğrudur, Siyasi Şuradakı işsiz 3 nəfərdən biri mənəm. Digər iki nəfər təqaüdçüdür. Mənim isə təqaüd yaşıma çox var. Artıq üç ildir ki, işsizəm. Ancaq gözləntim var. İnanıram ki, mənimlə bağlı da bir qərar qəbul ediləcək və işlə təmin olunacağam”.
Bununla belə Musa Musayev bildirib ki, işsiz qalsa da mövqeyində hansısa tərəddüd olmayıb: “Mən bir əqidənin sahibiyəm. Bəziləri kimi mövqeyimdə sapmalar olmayıb. Mən işsiz olsam da Yeni Azərbaycan Partiyasına və onun sədrinə sədaqətliyəm”.