Bir neçə gün öncə mühacirətdə olan polkovnik İsa Sadıqov Milli Şuraya dəstək nümayiş etdirən silsilə açıqlamalarda bulunmasından və hakimiyyətə qarşı ultimatumla danışaraq belə getsə inqilabın qaçılmaz olduğunu bəyan etməsindən sonra keçmiş müdafiə naziri Rəhim Qazıyev saytımıza açıqlamasında bu tip çağırışların yolverilməz olduğunu bildirmişdi.
Rəhim Qazıyev İsa Sadıqovu peşəkar hərbçi, ordunun ən yaxşı zabitlərindən biri və vətənpərvər kimi tanıdığını deməklə bərabər onun “silahlı qüvvələrdə də hamı vəziyyətin dəyişəcəyini gözləyir və orduda xeyli tərəfdarım var” sözlərini qınamışdı ki, bununla o xeyli peşəkar zabiti zərbə altında qoyacaq.
Artıq Rəhim Qazıyevin proqnozu özünü doğrultdu və İsa Sadıqova simpatiyası olan zabitlərin nəzarətə götürüldüyü, onların bir çoxunun artıq sıxışdırılmağa başladığı mətbuat səhifələrinə çıxıb. İsa Sadıqov özü bundan çəkinmədiyini və ordu rəhbərliyinin ona hüsn-rəğbəti olan hər kəsi gözümçıxdıya salmaq imkanında olmadığını bildirib. Ancaq istənilən halda onun ehtiyatsızlıq etdiyi ortada və istənilən halda xeyli günahsız zabitin başının ağrıyacağı qaçılmaz olacaq. Elə Rəhim Qazıyev də bu qənaətdədir.
Moderator.az-a açıqlamasında proqnozunun doğru çıxdığından təəssüfləndiyini bildirən eks müdafiə naziri bu qənaətdədir ki, Müdafiə Nazirliyi rəhbərliyindəki antimilli qüvvələr peşəkar milli kadrların çıxdaş edilməsi, ordudan kənarlaşdırılması üçün fürsət axtardığı bir vaxtda İsa Sadıqov kimi ləyaqətli insanların bu cür yersiz bəyanatlarından üzülür.
“Müdafiə Nazirliyi rəhbərliyinə müraciət edərək öz canıyla , qanıyla orduya xidmət etmiş peşəkar zabitlərin vurulmasına imkan verilməməsi çağırışında bulunmağı düşünürsünüzmü” sualına cavabında Rəhim Qazıyev bildirdi ki, o Müdafiə Nazirliyi rəhbərliyinə deyil, Ali Baş Komandan İlham Əliyevə müraciət edir ki, kəmfürsətlərə silahlı qüvvələrdəki peşəkar milli kadrların sıradan çıxarılmasına imkan verməsin.