“Eks-spiker Rəsul Quliyevin müxalifətdəki “həmkarlarına” qarşı növbəti aşağılayıcı tonlu yanaşması, münasibəti müxalif kəsimin, xüsusilə, radikalların “bir araya gəldiyi” Milli Şuranın mövcud vəziyyətinin əsl göstəricidir. Bu, bizim Milli Şura ilə, müxalifətlə, onların süni və imitasiya xarakteri daşıyan birlik görüntüsü ilə bağlı çoxdan bəri söylədiklərimizin əyani sübutudur”. Bu fikirləri Moderator.az-a açıqlamasında hakim partiyadan olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva ACP lideri, eks-spiker Rəsul Quliyevin hökumətə dialoq təklif edən həmkarlarına, Milli Şuraya ünvanlandığı “acınacaqlı vəziyyətdə olduğunu dərk edin” yanaşmasına münasibətini bildirərkən dilə gətirib. Millət vəkili deyib ki, eks-spikerin öz “ənənəsinə” sadiq qalaraq, müxalifətçi “həmkarları” ilə yenidən təhqiramiz və aşağılyacı üslubda danışması Mili Şuranın, radikal kəsimin heç zaman birləşə və eyni məqsədlər uğrunda mübarizə apara bilməyəcəyinə növbəti işarətdir. K. Əliyevanın sözlərinə görə, eyni məqsədlər uğrunda yalnız eyni dəyərlərin daşıyıcıları olan insanlar birləşə və mübarizə apara bilərlər:
“Ancaq heç kimə sirr deyil ki, bizim müxalifətçilər heç zaman eyni dəyərlərin daşıyıcıları olmayıblar, onlar sadəcə, kənar, öz maraqlarını təmin etməyə qüvvələrin sifarişi və istəkləri ilə bir araya gəliblər, zorla gətiriliblər desək, daha düzgün olar. Elə Rəsul Quliyevin son acıqlamasından və üslubundan da bunu bir daha aydın görmək mümkündür”. Millət vəkili hesab edir ki, R. Quliyev də daxil olmaqla, Milli Şurada bir “araya gətirilənlər” hər zaman öz şəxsi maraqlarından çıxış ediblər, hər birinin öz iddiası, öz ambisiyası, öz hikkəsi var: “Öz şəxsi maraqlarına görə biri də indiyənəcən digərinə güzəştə getməyib, gedən deyil və getməyəcək də. Rüstəm İbrahimbəyovun namizədliyini də tələm-tələsik ortaya atmaq hansısa geri çəkilmədən, güzəştdən əsla xəbər vermir. Bununla sadəcə, bir-biri ilə əzəli və əbədi düşmən olan “müttəfiqlər” bir-birindən öc almaq, heyif çıxmaq istəyir, fürsət düşmüşkən bir-birini küncə sıxışdırmaq cəhdində və çabasında bulunur. Bunların əslində bir prinsipi var-necə edim və edək ki, məndən başqa heç kim olmasın, heç siyasi meydanda qalmasın, məndən qabağa keçməsin. Bundan savayı onlar hansısa bir prinsip, dəyər tanımırlar. Rəsul Quliyevin də son açıqlaması, yanaşması qeyd etdiyimiz kimi, bir daha bunu ortaya qoyur və müxaliflərin, radikalların necə vəziyyətdə olduğunu açıb göstərir”.
K. Əliyevanın fikrincə, ancaq müxalifət istəyir səmimi, istəyirsə də qeyri-səmimi şəkildə birləşsin, hətta, vahid namizəd belə tapıb müəyyənləşdirsin, heç bir xeyri və əhəmiyyəti olmayacaq: “Bu, bizləri də o dərəcədə maraqlandırmır. Bizi maraqlandıran ancaq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı növbəti inkişafa, uğura doğru aparmaqdır. İnanırıq ki, Azərbaycan xalqının yenidən etimadı ilə dövlət başçısı seçiləcək İlham Əliyev cənabları da xalqımızla birgə ölkəmizin növbəti uğurlarına imza atacaq və Azərbaycanın dünyadakı mövqeyini bir daha gücləndirəcək”.