İyulun 2-də saat 11:00-da Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyası keçiriləcək.
Moderator.az-ın məlumatına görə, bu barədə Milli Şura sədrinin İcra Aparatının mətbuat xidməti məlumat verib.
Milli Şura üzvlərinin müzakirəsinə təqdim olunacaq gündəlik layihəsinə aşağıdakı məsələlər daxil edilib:
1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu
2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi
3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət
4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı
5. Cari məsələlər
Milli Şura uzvləri üçün qeydiyyat saat 10:30-dan başlayır. Tədbirə KİV nümayəndələri dəvətlidir.
Bu gün isə Milli Şuranın “Keçid Dövrü və vahid namizədinin öhdəliklərinin hazırlanması” üzrə İşçi Qrupunun sayca 2-ci iclası keçirilib. İşçi Qrupuna tanınmış hüquqşünaslar, siyasi partiyaların və gənclər təşkilatlarının nümayəndələri daxildir. Toplantıda ölkədə azad, ədalətli, demokratik seçki mühiti yaratmaq, hakimiyyətin demokratik və hüquqi əsaslarla formalaşdırılmasını təmin etmək üçün Milli Şuranın prezidentliyinə namizədin üzərinə götürəcəyi öhdəliklərlə bağlı memorandum layihəsi ətrafında müzakirələr aparılıb. Layihə iyulun 2-də Milli Şuranın 2-ci sessiyasının müzakirəsinə təqdim ediləcək.
MEMORANDUM (layihə)
(ÖHDƏLİK)
Ölkədə azad, ədalətli və demokratik seçki mühiti yaratmaq, hakimiyyətin demokratik və hüquqi əsaslarla formalaşdırılmasını təmin etmək, ictimai-siyasi qurumlar arasında konstruktiv əməkdaşlıq mühitinə nail olmaq məqsədi ilə bu sənədi imzalayan şəxs 2013-cü il Prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi kimi üzərinə aşağıdakı öhdəlikləri götürür:
1. Səlahiyyət müddətinin iki illə (keçid dövrü) məhdudlaşdırılacağı ilə razılaşmaq;
2. Cəmiyyətin potensialı və Demokratik Qüvvələrin kadr bazası əsasında geniş koalisiyalı müvəqqəti və DQMŞ-in etimad göstərdiyi “Milli Etimad Hökuməti” formalaşdırmaq;
3. Referendum (ümumxalq rəy sorğusu) yolu ilə:
- 2013-2015-ci illər ərzində (keçid dövrü) konstitusiya və seçki islahatları aparmaq, Prezident hakimiyyətinin məhdudlaşdırılması, parlamentin və hökumətin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə hakimiyyətin qolları arasında tarazlığı, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək;
- 2014-cü ilin yanvarında parlamenti buraxmaq;
- proporsional seçki sistemini bərpa etmək və qarışıq seçki sistemi əsasında yeni parlament seçkiləri keçirmək;
- yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirmək, şəhər (rayon) icra hakimiyyəti orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq.
4. qanunvericiliyin beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğunlaşdırılması üçün tədbirlər görmək;
5. ölkədə bütün partiya və hərəkatlar, ictimai birliklərə azad və bərabər fəaliyyət imkanları yaratmaq;
6. əsas insan hüquq və azadlıqlarının(mülkiyyət, azad sahibkarlıq, azad və ədalətli seçki, ifadə, sərbəst toplaşmaq, dini etiqad və s.) təmin olunması üçün tədbirlər görmək, özəl televiziya və radio kompaniyalarının yaradılması və fəaliyyətinə maneələri aradan qaldırmaq;
7. siyasi əsaslarla cinayət təqibinə məruz qalmış və məhkum olunmuş şəxslərin hüquqlarının bərpa olunması, cinayət təqiblərinə son qoyulması, həbsdə olanların azad edilməsi və mühacirətdə olanların ölkəyə sərbəst qayıtmaları üçün hüquqi maneələrin aradan qaldırılması;
8. ölkədə mövcud olan total korrupsiya sisteminin, inhisarçılığın, gizli iqtisadiyyatın aradan qaldırılması və bu səbəbdən hüquqları pozulmuş vətəndaşların, iş adamlarının pozulmuş hüquqlarının, sosial ədalətin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək;
9. Milli Şuranın Təsis Bəyannaməsinə uyğun xarici siyasət xətti yeritmək, Qarabağ probleminin Azərbaycan Respublikasının milli maraqlarına uyğun həllinə çalışmaq;
10. 2015-ci ildə Prezident seçkilərinin keçirilməsini təmin etmək;
11. 2015-ci il Prezident seçkilərində namizədliyini irəli sürməmək və seçki proseslərində tərəfsizliyini saxlamaq.