Son günlər Misirdə baş verən hadisələr dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Görəsən, Misirdə aranın yenidən qarışmasına səbəb olan başlıca faktorlar hansılardır?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Misirdə baş verən hadisələrdə bir çox xarici qüvvələrin təsiri mühüm rol oynayır:
“Hesab etmirəm ki, orada baş verənlər Misir xalqına həddən artıq azadlıq verilməsinin nəticəsidir. Misirdə baş verən dəyişiklik ABŞ-ı, Qərbi , hətta İranı belə razı salmayıb. Mursi iqtidarının islami dəyərləri əsas tutması bu gün Misirdə qarışıqlığın baş verməsinin əsas səbəbidir".
Politoloq Zərdüşt Əlizadə isə bir qədər fərqli mövqe sərgilədi: “Misirdə 1952-ci ildə ordu çevriliş edərək iqtidara gəlib və ordu iqtidarın idarə olunmasında əsas söz sahibi olub. Hüsnü Mübarək isə mülki şəxs olan oğlunu hakimiyyətə gətirmək istədi. Təbii ki, ordu rəhbərliyi buna qarşı idi və onlar “Təhrir” meydanına çıxan insanları müdafiə etməklə gələcəkdə iqtidara öz namizədinin gəlməsi üçün demokratik seçki keçirmək məcburiyyətində qaldılar və bildiyimiz kimi onların namizədi olan Əhməd Şəfiq seçkilərdə məğlub oldu. Bu gün Misirdə baş verənlər də daha çox dinlərarası konflikti xatırladır. Mən bu yaxınlarda Gürcüstanda oldum və orada çoxlu sayda Misirdən bu ölkəyə mühacir etmiş xristianlar gördüm”.
Xəyal Əzizov