Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a verdiyi son müsahibəsində Milli Şurada təmsil olunan siyasi qüvvələr haqda danışarkən orada Müsavat və AXCP-dən başqa real güc mərkəzinin olmadığını bəyan edib.
Moderator.az olaraq politoloqun bu fikirləri ilə bağlı Milli Şurada təmsil olunan digər partiya və təşkilat təmsilçilərinin mövqeyini öyrənməyə çalışdıq. “EL” hərəkatının həmtəsisçisi Eldəniz Quliyevin politoloqa cavabı kifayət qədər sərt oldu:
“Yəqin, fayton atı görmüsünüz də... Həmin atın gözünün kənarları xüsusi əşya ilə bağlanır ki, ətrafdakı avtomobilləri görüb hürkməsin. Mənim məlum açıqlamayla bağlı mövqeyim də ondan ibarətdir ki, siyasi teatr meydanına fayton atı gözü ilə baxmaq düzgün deyil”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə Hikmət Hacızadənin fikirlərinin təmsil etdiyi siyasi təşkilatın mövqeyi olmadığını söylədi:
“Bu gün Azərbaycan iqtidarı da, müxalifəti də öz düşmənini tanımır. İqtidar və müxalifət arasında düşmənçilik münasibətləri mövcuddur. Torpaqlarımızın 20%-nin işğal altında olması da ona dəlalət edir ki ölkədə heç bir güc mərkəzi yoxdur”.
Xəyal Əzizov