Qarabağ Fələstin deyil
Dünən informasiya vasitələrində İranın dini liderinin Qarabağa münasibəti yayımlanıb. Ayətullah Əli Xameneinin adından çıxış edən təmsilçisi Muctahid Şəbüstarinin fikirləri uzun zamandan bəri yalnız ərazi bütövlüyü prinsipini diplomatik örtüyə çevirən bir ölkənin Azərbaycana münasibətdə mühüm mövqe irəliləyişi saymaq olardı, əgər aparılan ümumiləşdirmədəki xətalar olmasaydı.
İran rəsmisi bəyan edib ki, məscidlərin dağıldığı ərazi müsəlman torpağı olmaqla bərabər Azərbaycanın ayrılmaz hissəsidir və onlar zülmkar deyil, zülmə məruz qalanı müdafiə edirlər. Təqdir olunası bəyanatdır. Əgər münaqişəyə verilən siyasi qiymət və azərbaycanlıların məhrumiyyəti dağılan Allah evlərinin kontekstində dəyərləndirilirsə, burada qəbahət yoxdur. Reallıq budur ki, inanclı insanların doğma yurdundan qovulması faktı tanınır və işğal pislənilir.
Lakin ayətullah Şəbüstarinin sonrakı fikirləri diplomatik yanlışlığa və düşmənin bundan ustalıqla faydalanmasına səbəb olar ki, onu da İranın siyasi elitasının sonralar aradan qaldırmasına zərurət yaradır. Söhbət Qarabağın Fələstin probleminə analoji olaraq nəzərdən keçirilməsindən gedir. Dünyanın dəqiq hüquqi və siyasi dili ilə müqayisədə belə emosional tezislər heç vaxt xeyir getmir, əksinə ziyan vurur.
Əlbəttə, belə yanaşmaya səbəb olan xeyli obyektiv əsasları inkar etmək olmaz. Hər iki müharibənin humanitar fəlakət yükü oxşardır və zülmə məruz qalan yerli xalqlardır. Hərbi əməliyyatların getdiyi ərazi onlarınkıdır. Tarixi torpaqlarında yaşamış iki millət-azərbaycanlılar və fələstinlilər köçkünlüyə məruz qalaraq uzun on illərdi ki,doğma Vətənlərinə qayıda bilmirlər. O, cümlədən hər iki konfliktin çözülməsinə dair beynəlxalq təşəbbüslər və geosiyasi manevrlər demək olar ki, bir-birinə bənzəyir. Regionu əldə saxlamaq və iqtisadi sərvətlərini sümürmək yarışı eyni qlobal oyunçular tərəfindən aparılır. Lakin Qarabağ Fələstin deyil.
Ermənistan tərəfinin bu paraleldən çıxardığı nəticə o olardı ki, Azərbaycan Respublikası etnik təmizləmə və qəsbkarlıq yolu ilə erməniləri doğma yurdlarından çıxarmağa çalışır. Bölgədə daimi təhlükəyə səbəb budur və Fələstin xalqı ilə ermənilərin apardığı öz müqəddəratını təyin etmə mübarizəsi mahiyyətcə bir- birinə ekvivalentdir. Halbuki humanitar fondan fərqli olaraq burada heç kəs iddia edə bilməz ki,İsraillə Ermənistanın siyasəti eyni tarixi səbəbə və hüquqi gerçəkliyə söykənir. Sirr deyil ki, bunu iddia edənlərin başlıca məqsədi münaqişələrə dini qarşıdurma xarakteri verməklə Azərbaycanı daha böyük savaşın içərisinə itələyirlər və çətin ki, belə davadan qalib çıxmaq mümkün olsun.
Qərbi tərəfdaşına çevirmək istəyən Azərbaycan dövlətinin rəsmi kursuna uyğun olmayan bu mövqe qarşı tərəfin işinə daha çox yarayardı. İslam ölkələrinin müxtəlif formatlarda verdikləri dəstək və işğalçını qınama aktları isə gerçəkdə heç bir siyasi - iqtisadi nəticə doğurmur, çünki onların hamısı Avropadan asılıdırlar. Üstəlik, vahid İslam Hərbi Alyansı da mövcud deyil ki, Qərb dövlətləri sayaq xüsusi silahlı koalisiyalar təşkil edib Qarabağa dair çıxardıqları qərarı təmin etməyə nail olsunlar.
Ayətullahın açıqlamasından çıxan ikinci ehtiyatsız nəticə odur ki, Yaxın Şərqdən fərqli olaraq burada vuruşan tərəf iki dövlətdir və tanınmaya cəhd edən muxtar ərazi vahidi olan Qarabağ erməniləri separatizmin subyektidir. Fələstinin müstəqil dövlət statusunu əldə etməyə, Azərbaycan isə torpaq bütünlüyünün bərpasına çalışır. Göründüyü kimi hədəflər köklü olaraq fərqlənir.
Dünyanın hər yerinə islam bayrağını sancmaq ideyası da dini cihada çağırış kimi çox təhlükəli ideologiyadır. Hazırda fundamentalizmdə qınanan və islamın timsalında özünə düşmən axtaran dairələr belə bəyanatları əldə bayrağa çevirirlər. Lakin ağayi Muctahid onda haqlıdır ki, təkcə dualarla və yalvarışlarla problem həllini tapmaz. İş görməyən və mübarizə aparmayanların məqsədlərinə yetişməsi tarixdə yalnız təsadüflərin hesabına baş verib. Qarabağ problemini ilahi qüvvə yaratmayıb ki, onu Allahın dərgahına tapşırasan! Torpaq Tanrının yox, insanın ilk ve son mənzilidir! Ona görə də duaları çalışan qazanar!







