İyunun 28-də kənd təsərrüfatı naziri İsmət Abbasov Lənkəranda vətəndaşları qəbul edib.
APA-nın cənub bürosunun məlumatına görə, qəbuldan öncə nazir rayonun Vilvan kəndində fermer İlyas Əliyevə məxsus çayçılıq təsərrüfatına baş çəkərək, əməkçilərlə iş başında söhbətləşib, onların problemlərini dinləyib.
Lənkəran Aqrar Elm Mərkəzinin inzibati binasında reallaşan qəbulda isə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından 70-dək sakin iştirak edib. Müraciətlərdə daha çox texnikanın çatışmazlığı, subsidiyaların verilməsi, suvarma sistemlərinin modernləşdirilməsi və s. bu kimi problemlər dilə gətirilib.
Bəzi məsələlər İ.Abbasovun göstərişi ilə nazirliyin müvafiq strukturları tərəfindən yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə daxil olmayan digər müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.