BMT-nin məlum hesabatında Azərbaycanda cəzaçəkmə müəssisələrində narkotik dövriyyəsinin artması ilə bağlı məlumatlar yer alıb. Bu məlumatların ictimailəşməsi isə öz növbəsində bəzi suallar doğurur. Cəzaçəkmə müəssisələrində narkotik dövriyyəsinin artması nə ilə bağlıdır? İslah-əmək müəssisəsinin rəhbərliyi doğrudanmı narkotik dövriyyəsinin qarşısını almaqda acizdir? Yoxsa proseslərdə onların özünün də bu və ya digər dərəcədə iştirakçılığı mövcuddur? Bununla bağlı Moderator.az saytının sualını cavablandıran sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev problemin başında məhz həbsxana rəhbərliyinin dayandığını qeyd etdi: “Təbii ki, həbsxana rəhbərliyi baş verənlərdən xəbərdardır. Belə bir el məsəli var, deyir, çobanın könlü olsa, təkədən pendir tutar. Həbsxana rəhbərliyi istəsə qanuni şəkildə elə işləyər ki, islah-əmək müəssisəsinə nə narkotik, nə də digər qadağan olunmuş məhsullar keçirilməz. Məsələ bundadır ki, həbsxana rəhbərliyi bunların hamısından xəbərdardır. Onların gözündən heç nə yayınmır. Azərbaycanın adının BMT hesabatında bu şəkildə yer alması ölkəmiz üçün rüsvayçılıqdır. Bu hesabat və orada yer alan fikirlərə ciddi yanaşmaq lazımdır. Çünki bu, nüfuzlu beynəlxalq təşkilatın hesabatıdır, Novella Cəfəroğlu və ya Səidə Qocamanlının fikri deyil ki, etinasız yanaşasan”.
Seymur Əliyev