“Türkiyədəki Taksim olaylarının xarici qüvvələrlə əlaqədar olması ilə
bağlı səslənən fikirlər inandırıcı görünmür”. Bu sözləri Moderator.az saytına
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu bildirib.
Politoloqun sözlərinə görə, rəsmi Ankaranın baş verənləri xarici amillərlə əlaqələndirmək
cəhdi problemin gerçək səbəblərini gizlətmək niyyətindən irəli gəlir: “Taksim
olaylarının arxasında xarici qüvvələrin olduğu inandırıcı görünmür. Ərdoğan
hökuməti artıq 10 ildir ki, hakimiyyətdədir. Bu 10 ildə ordu rəhbərliyində
kütləvi həbslər aparılıb, 60-dan çox jurnalist tutulub və s. Ölkədə
ictimai-siyasi inkişafı yönündə də ciddi dəyişikliklər həyata keçirilib. Bunlar
onu söyləməyə əsas verir ki, Türkiyədəki ictimai-siyasi vəziyyət kifayət qədər nəzarətdədir.
Belə olduğu halda xarici qüvvələrin iki həftə davam edən ciddi etiraz
aksiyaları təşkil etməsi inandırıcı görünmür. Mənə elə gəlir ki, bu barədə
deyilənlər təbliğat xarakteri daşıyır. Ölkədə baş verən olayların əsl
səbəblərindən yayınıb hər şeyi xarici düşmən amili ilə əlaqələndirməyə
çalışırlar. Xarici düşmən axtarışı texnologiyasından bir çox xarici ölkələr
istifadə edir. Türk təyyarəsinin PKK tərəfindən atəşə tutulmasına gəlincə,
zənnimcə bu məsələ də ətraflı araşdırılmalı və informasiyanın doğruluğu təsdiq
olunmalıdır. Yalnız bundan sonra bu barədə konkret fikir söyləmək olar. Niyə
görə xarici qüvvələr bu gün Türkiyədə sabitliyin pozulmasında maraqlı
olmalıdır. Niyə PKK-nı yenidən silahlı münaqişə vəziyyətinə qaytarmalıdır? Mən
fikirləşmirəm ki, olaylar xarici güclərdən qaynaqlanır. Hesab edirəm ki,
Türkiyədə ciddi daxili problemlər var. Bu problemlər yalnız ölkə daxili deyil,
həm də iqtidar daxilidir. Bunun da fəsadları özünü göstərir”.
Seymur Əliyev