Heydər Əliyev, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov
Dostum Aslan İsmayılov ürəyimdən xəbər verən və əslində neçə gündən bəri dincliyimi əlimdən alan bir suala cavab verib. Mətbuata açıqlamasında Milli Şura barədə düşüncələrini paylaşan tanınmış vəkil Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinə etirazını orijinal formada ifadə edərək həbsdən qorxan adamı Milli Şura rəhbərliyində görmədiyini bildirib.
Oxucuların diqqətinə çatdırım ki, bir neçə gün öncə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov çoxları kimi mənim də təəccübümə səbəb olan bir əcaib açıqlamada bulunmuşdu ki, həbsdən də qorxur, öldürülməkdən də. Xəbəri oxuyanda gözlərimə inanmamışdım, təkrar-təkrar oxumuşdum, başqa saytlara da baxmışdım ki, birdən “qorxmuram” sözündəki “m” hərfi sadəcə yaddan çıxdığından belə uğursuz ifadə alınmış olar. Ancaq dəqiqləşdirəndə bəlli olmuşdu ki. həqiqətən də kinorejissor özünü yaman çox sevirmiş, canından da yamanca qorxurmuş. O zaman onu ürəyimdə yıxıb sürümüşdüm ki, rəhmətliyin oğlu, əgər canın səninçün bu qədər əzizdirsə, siyasətdə nə ölümün var? Bilmirəm, elə o vaxt nədənsə kinorejissorun qarasına deyinərkən qeyri-iradi Heydər Əliyevlə Rəsul Quliyevi xatırladım və onları müqayisə etdim. Heydər Əliyev 1990-cı ilin qanlı 20 yanvarının səhərisi günü ölümü gözünün qarşısına alıb “Şeytan yuvası”nda, Kremlin beş addımlığında sovet imperiyasına meydan oxudu. 90-cı ilin payızında Naxçıvana qayıdanda da deputat seçilənədək hər an həbs təhlükəsiylə yaşadı. 1993-cü ilin 15 iyununda isə yenə də yüz faizlik ölüm təhlükəsindən qorxmadan tam zamanında cəbhəçilərin pərən-pərən olduğunu görüb sahibsiz qalmış hakimiyyəti bir zərgər dəqiqliyiylə ələ keçirdi. Əlbəttə, bu sətirlərin müəllifi heç zaman Heydər Əliyevin hakimiyyətiylə barışmayıb və hər zaman Heydər Əliyevin rəhbəri olduğu sistemə qarşı bacardığı qədər öz qələmiylə mübarizə aparıb. Ancaq gərək sözün düzünü deməyi bacarasan və haqqı nahaqqa verməyəsən. Bu gün yeni azərbaycanlılar, bu hakimiyyətin çörəyini yeyənlər Heydər Əliyevin cəsarətinə və qorxmazlığına minnətdar olmalıdırlar ki, o canından qorxmadan ölümün üstünə yeridi və müvəqqəti də olsa ona qalib gəlməyi bacardı..
Ancaq gəlin görək Rəsul Quliyev neynədi? Qorxusundan 2005-ci ilin məlum 17 oktyabrında onun yolunu gözləyən yüz minlərlə tərəfdarının ümidləriylə bərabər əsəbləriylə də oynadı və siyasi lider keyfiyyətlərinə malik olmadığını öz qorxaqlığıyla isbat etmiş oldu. Bu gün eks-spiker sanki heç nə olmayıbmış kimi baş nazirin keçmiş müavini Abbas Abbasov haqqında fikir bildirərkən onun işgüzar adam olsa da liderlik keyfiyyətlərinin çatışmadığından dəm vurur. Adama deyərlər ki, özün nə zaman lider ola bildin ki, başqalarına da liderlik dərsi keçəsən? Axı o zaman onun öz adını Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazdırmaq şansı var idi, ancaq məhz canının qorxusundan, Bakıdan hakimiyyətin öyrədilmiş işverənləri tərəfindən öldürüləcəyi, həbsxanaya atılacağı barədə qorxudularaq gözdən pərdə asmaq üçün yalnız Ukraynaya-Simferopola qədər gələ bildi, ordan da dabanına tüpürüb yenidən Nyu-Yorka qədər qaçdı. Hətta elə qorxmuşdu ki, az qala bir il dili söz tutmadı, Azərbaycan ictimaiyyəti öldü-qaldısından xəbər tutmaqda çətinlik çəkdi. Ancaq sonradan yenidən zühur edərək yenə də boğazdan yuxarı bəyanatlarla ürək bulandırmağa başladı...
Bu gün də Rüstəm İbrahimbəyov ölüm-itimdən, həbsxanadan danışaraq Aslanla mənim kimi yüz minlərlə insanı pərişan edir. Mən də bu qənaətdəyəm ki, Milli Şuraya keçid dövrü üçün elə bir adamın prezidentliyə namizədliyi irəli sürülməlidir ki, o bir cəngavər kimi ölümün üstünə gedə bilsin, nə həbsxanadan qorxsun, nə şirin canından. Əgər bunu bacarmayacaqsa kişi kimi etirafını edərək savaş bayrağını layiq olduğu adama versin. Çünki artıq bıçaq sümüyə deyil, iliyə dirənib...









