Ayın 28-də xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olacaq.
Maraqlıdır, ziyalılarımızın gənc nəslə təbliğ edilməsi, yeni nəsillərin görkəmli ziyalılarımızın işıqlı ideyalarına sahiblənməsi baxımından bu cür addımlar nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu cür addımların təqdirəlayiq olduğunu vurğuladı:
“İsmayıl Şıxlı mənim atam olduğu üçün bu barədə danışmağım bəlkə də o qədər doğru olmaz. Təbii ki, biz gənclərimizi, toplumu müsbət nümunələrlə tərbiyələndirməliyik. Müsbət nümunələr nə qədər çox olsa, bizim millətimizin, bizim insanımızın inamı o qədər böyük olar. Anlayarlar ki, bizim müsbət cəhətlərimiz daha çoxdur. Gənclər bilməlidir ki, bizim müsbət insanlarımız, böyük ziyalılarımız olur. Bizdə həqiqətən də örnək olacaq insanlar çoxdur.
Şişirtmələr olmadan, gerçək məqamları göstərməklə biz ziyalılarımız təbliğ etməklə insanlara daha çox fayda verə bilərik. Odur ki, bu cür addımları faydalı hesab edirəm”.
Seymur ƏLİYEV