Dünən Azərbaycanın müstəqilliyinin 28-ci ildönümü qeyd olundu.
Bəs müstəqilliyimizin təbliğində, müstəqillik ideyalarının yayılmasında Azərbaycan milli musiqisinin də rolu varmı? Musiqi bu məsələdə bir təbliğat vasitəsi kimi nə dərəcədə effektlidir?
Moderator.az-a açıqlama verən xalq artisti, görkəmli bəstəkar Faiq Sücəddinov bu il verdiyi konsertləri müstəqilliyimizə həsr etdiyini vurğuladı:
“Mən o nəslin nümayəndəsiyəm ki, mənim çevrəmdə olan, musiqi ilə məşğul olan adamlar hər zaman Azərbaycan klassik musiqisinin banisi olan Üzeyir bəydən başlayaraq, digər böyük musiqiçilərin baxışlarını yaradıcılığında əks etdirib. Biz hər zaman bu böyük irsə, onun böyük dəyərlərinəs adiqlik nümayiş etdirmişik.
Bu il mən üç konsert verdim. Bunların biri Bakı Mədəniyyət İdarəsinin xətti ilə musiqi məktəbində reallaşdı. Digəri Asəf Zeynallı adına musiqi kollecində baş tutdu. Üçüncü konserti isə iki gün bundan öncə Milli Konservatoriyada verdim. Bu konsertlərəd mənim yazıb-yaratdığım bütün əsərlər səsləndirildi. Bu konsertlər bizim müstəqilliyimizə, bu böyük bayramımıza bir töhfə idi. Televiziyadakı çıxışlarımda da bu məsələlərlə bağlı öz fikirlərimi ifadə etdim.
Bir sözlə, müstəqilliyimiz bizim üçün əzizdir. Onu qorumaq, onun keşiyində durmaq bizim borcumuzdur. Odur ki, biz də öz fəaliyyətimizlə milli müstəqilliyimizin möhkəmlənməsinə, təbliğinə töhfə verməyə çalışırıq”.
Seymur ƏLİYEV