Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ nümayəndə heyəti arasında keçirilən görüş nəticəsində Suriya məsələsində razılıq əldə edilib. Əldə edilən razılığa əsasən ABŞ Türkiyənin müəyyənləşdirdiyi təhlükəsizlik zonasından 5 gün ərzində PKK-YPG qüvvələrinin çıxarılmasını təmin edəcək, həmin əraziyə nəzarəti isə Türkiyə Silahlı Qüvvələri həyata keçirəcək.
Maraqlıdır, “Sülh çeşməsi” əməliyyatının ilk günlərində Türkiyəni hədələyən, türk iqtisadiuyyatını köçdürəcəyini elan edən, habelə rəsmi Ankara ilə bağlı müəyyən sanksiyaları dilə gətirən ABŞ-ın sonda Suriya məsələsində rəsmi Ankaranın istəklərinə boyun əyməsi, Ağ Evin Türkiyə qarşısında geri çəkilməsi, diplomati məğlubiyyəti kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov baş verənləri Türkiyənin uğuru kimi qiymətləndirsə də, ABŞ-a etibar etməmək gərəkdiyini də vurğuladı:
“Təbii ki, bu, Türkiyə üçün taktiki bir irəlləyişdir. Çünki Türkiyə özü bildiyi siyasəti həyata keçirməkdə qətiyyətli olduğunu nümayiş etdirdikdən sonra ABŞ geri çəkildi. Təsadüfi deyil ki, həmin razılaşma fonunda ABŞ siyasi liderləri Ərdoğanı yüksək qiymətləndirdilər, onun güclü siyasətçi olduğunu vurğuladılar və s. Lakin ABŞ heç vaxt belə geriləmələri yaddan çıxarmır. Ağ Evin kürdlərə verdiyi vədləri qulaqardına vurduğunu nəzərə alsaq, görərik ki, ABŞ ümumiyyətlə öz sözünə nadir hallarda əməl edir. Həmişə aldadıcı gedişlərlə çalışır ki, həm rəqiblərini, həm də tərəfdaşlarını çətin vəziyyətə salsın.
Hesab edirəm ki, Suriyanın şimalında suların durulmaıs prosesi hələ uzun çəkəcək. Kürdlər geri çəkilməyə söz versə də, bu, o demək deyil ki, onlar doğrudan da çəkiləcəklər. Oradakı tunellərin, müxtəlif maneələrin aradan qaldırılması ilə bağlı verilən vədlərin də yerinə yetirilib-yetirilməyəcəyi hələ sual altındadır. Kürd yaraqlılarına ABŞ, İsrail, eləcə də Avropanın bəzi dövlətlərilə o dərəcədə çox vəsait ayırıb ki, 5 günün, 120 saatın ərzində bu prosesi aradan qaldırmaq mümkünsüzdür. Bu prosesdə yer alan dövlətlər uzunmüddətli strategiya əsasında işləyirlər və qarşılarına qoyduqları məqsəd də müstəqil kürd dövlətinin yaradılmasıdır. Bu istiqamətdə mübarizə davamlı olacaq. Odur ki, Türkiyə gərəkdir ki,bu taktiki uğurdan çox böyük eyforiyaya qapılmasın. Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən qüvvələr bu gün də fəaliyyətlərini davam etdirirlər. Ona görə də hesab edirəm ki, bu gün baş verənlər süjetin orta xəttidir və gələcəkdə biz bu proseslərin davamını müşahidə edəcəyik”.
Seymur ƏLİYEV