Məlum olduğu kimi, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə gələn vitse-prezidenti və dövlət katibini qəbul etməyəcəyini bildirib. Türkiyə prezidenti vurğulayıb ki, o, yalnız Trampla görüşüb müzakirə apara bilər.
Maraqlıdır, ABŞ yetkililərinin
Ərdoğan tərəfindən qəbul edilməməsi ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirə
bilərmi? ABŞ-ın Türkiyəyə yönəlik artan təzyiqlərinin Ankaranı anti-terror əməliyyatlarını
dayandırmağa vadar etməsi mümkündürmü?
Moderator.az-a açıqlama
verən politoloq Natiq Miri mövcud vəziyyətin kifayət qədər mürəkkəb olduğuna
diqqət çəkdi:
“ABŞ-da Türkiyənin
regionda güclənməsini istəməyən güclər var. Bunların başında isə yəhudi lobbisi
durur. ABŞ hakimiyyətində İsrailin mövqeyini dəstəkləyən xeyli insan təmsil
olunur.
Ortada Türkiyə sərhədləri
boyunca terror koridoru yaratmaq planı var. Türkiyənin anti-terror əməliyyatı
ilə bu plan tamamilə darmadağın edildi. Bu planın arxasında kürd dövləti adına
ikinci bir İsrail dövləti yaratmaq istəyi durur. Bunu ABŞ administrasiyasındakı
bəzi məmurlar mediaya açıqlamalarında açıq şəkildə bildiriblər. Israildə “vəd
edilmiş torpaqlar” anlayışı mövcuddur. Bu da Nil çayından Fərat çayı vadisinə qədər
bütün ərazini əhatə edir.
Bu gün Trampın özü
konqres, Dövlət Departamenti və Pentaqondakı bəzi qüvvələr tərəfindən ciddi
basqı altındadır. Məhz bu basqı altında Tramp Türkiyəyə qarşı bir sıra
qeyri-ciddi sanksiyalar tətbiq edib ki, Türkiyədə üç nazir və iki nazirlik bu
sanksiyalar dairəsinə düşüb. Sanksiya tətbiq edilən şəxslərin ABŞ-da heç bir
bank hesabı, kapitalı yoxdur. Bundan da hiss olunur ki, Tramp Türkiyəyə qarşı sanksiya
məsələsində ciddi deyil. Lakin vəziyyətdən
çıxmaq üçün vitse-prezident və dövlət katibinin rəhbərliyi altında bir nümayəndə
heyəti göndərməyə qərar verib. ABŞ Suriyadakı anti-terror əməliyyatlarını
dayandırmağa, danışıqlar prosesinin başladılmasına çalışır. Ancaq ABŞ-ın bu tələbləri
qarşısında Türkiyə geri çəkilməyəcək. Türkiyə dövlət hər hansı tayfa-qəbilə
dövləti deyil. Türkiyə dövləti güclü, hüquqi bir dövlətdir və heç bir zaman Qərb
ölkələri kimi terrorçularla bir masaya oturmaz.
Türkiyə İraq sərhəddindən
Suriya sərhəddinə doğru 444 km boyunca və
Suriyanın içərilərinə doğru 32 km dərinliyində ərazini terrorçulardan təmizləməyi
hədəfləyir. Türkiyənin bu hədəfinə çatması üçün bütün hərbi imkanları mövcuddur.
Belə olan təqdirdə Türkiyə hədəfinə çatmadan ABŞ-la hər hansı razılığa getməyəcək.
Türkiyənin məqsədi Suriya ərazisini ələ keçimrək deyil, təhlükəsiz bölgə
yaratmaqdır və Ankara ABŞ-dan gələn nümayəndə heyətinə də bunu başa salmağa
çalışacaq.
ABŞ-ın vitse-prezidenti və
dövlət katibini qəbulu Türkiyə prezidenti üçün o qədər də strateji əhəmiyyət
daşımır. Düşünürəm ki, ABŞ nümayəndə heyəti öz həmkarları ilə görüşəndən sonra
Ərdoğan da onları qəbul edəcək. Bunun üçün Ərdoğana ABŞ tərəfindən qeyri-rəsmi
xahişin edilməsi ehtimal da böyükdür. Çünki Ərdoğanın bu şəxsləri qəbul etməməsi
ABŞ-ın nüfuzuna böyük zərbə olar. Odur ki, həmin nümayəndə heyətinin Ərdoğan tərəfindən
qəbul ediləcəyini ehtimal edirəm. Eyni zamanda düşünrəm ki, ABŞ-ın Suriyada
anti-terror əməliyyatlarının dayadırılması çağırışı Türkiyə tərəfindən qəbul edilməyəcək.
Türkiyə öz hədəflərinə çatana qədər mübarizəsini davam etdirəcək”.
Seymur ƏLİYEV