Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin 28-ci ildönümü tamam olur.
Moderator.az olaraq millət vəkili, professor Nizami Cədərovla söhbətimizdə ədəbiyyat və onun müstəqilliyimizin qazanılmasında, möhkəmləndirilməsindəki roluna aydınlıq gətirməyə çalışdıq.
-Nizami müəllim, oktyabrın 18-də müstəqilliyimizin növbəti ildönümü qeyd olunacaq. Bilmək istərdik ki, müstəqillik ideyalarının gündəmə gəlməsi və yayılmasında ədəbiyyat nə dərəcədə rol oynayıb?
-Reallıq bundan ibarətdir ki, bizim ədəbiyyatdan gözləntimiz hər zaman böyük olub. Bunun da səbəbi var. Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı, inkişafı, millətin, xalqın bütövlüyü, tərəqqisi və s. kimi ideyaların hamısını tarix boyu ilk növbədə ədəbiyyatda görüb. Nə elmdə, nə ictimai-siyasi düşüncədə bunu görməyib. Bir növ bizdə ədəbiyyatla bağlı bir ənənə formalaşıb. Buna görə də biz daha çox ədəbiyyatdan tələb edirik.
-O zaman söyləmək olarmı ki, yenidən müstəqilliyimizə qovuşmağımızda ədəbiyyat adamlarımızın böyük rolu olub?
-Təbii. Ədəbiyyat bizim müstəqilliyimizi hazırlayıb. 70-80-ci illərdəki Azərbaycan ədəbiyyatı olmasaydı, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Nəriman Həsənzadə, onlardan daha öncə İsmayıl Şıxlı və s. onlar bizim müstəqilliyimizdə rol oynayan nəhəng ziyalılarımızdır. Onların hamısı ədəbiyyat adamıdır.
-Bəs müstəqillik qazandıqdan sonra ədəbiyyat bu məsələdə yenə də öz öncüllüyünü qoruyub saxlaya bildimi?
-Sonrakı dönəmdə, müstəqilliyimizin ilk illərindən başlayaraq daha çox yenə də həmin şəxsiyyətlər bizim ədəbiyyatımzıda müstəqilliyimizin dəyərini müəyyənləşdirdi. Bununla yanaşı, müstəqillik ideyaları müstəqilliyin ilk illərində ictimai-siyasi şüurda da özünü göstərməyə başladı. Çünki artıq yeni nəsil yetişmişdi. Bu məsələdə onların da müəyyən rolu oldu. Bizim müstəqil dövlətimizin qurucusu, Heydər Əliyev, ümummili liderimiz bilavasitə ədəbiyyat adamı deyildi. Lakin bununla yanaşı, o, ədəbiyyatla sıx bağlı idi. Azərbaycan yazıçılarının elə bir qurultayı yox idi ki, Heydər Əliyev orada iştirak eləməsin. Elə bir Azərbaycan yazıçısı yox idi ki, onun tərcümeyi-halında Heydər Əliyevin rolu olmaya. Bu da mühüm bir amil idi.
Ona görə də indi deyə bilmirik ki, ədəbiyyat tamamilə öndədir. Çünki indi ictimai-siyasi şüur da formalaşıb. Siyasətçi ziyalılarımız indi kifayət qədər güclüdür. Ona görə də ədəbiyyatın rolu bu məsələdə bir qədər azalıb. Lakin bununla yanaşı, bunu da qeyd etməliyik ki, bizim ədəbiyyat adamlarımız da ciddi şəkildə siyasətə qoşuldular. Onların bir çoxu bu gün həm də ictimai-siyasi xadim kimi tanınır. Nəriman Həsənzadə, Anar, Elçinə yalnız ədəbiyyat adamı kimi deyil, həm də ictimai-siyasi xadim kimi yanaşırıq.
-Sizcə ictimai-siyasi şüurun güclənməsi, bu sahənin yeni platforma kimi formalaşması ədəbiyyatın ənənəvi mövqeyinin zəifləməsinə səbəb olacaqmı?
-Ədəbiyyat öz tarixi mövqeyini təbii ki, belə asanlıqla əldən verməyəcək. Çünki ədəbiyyat xalqımızın düşüncəsini müəyyənləşdirir. Yəni bədbin olmağa dəyməz. Bu gün də ədəbiyyat xalqımızın müstəqilliyi uğrunda çalışır. Yeni nəsil nümayəndələri arasında da istedadlı yazıçılar var. Məsələn, mən hər zaman Yunus Oğuzun romanlarını yüksək qiymətləndirirəm. Bizim tarixi şüurumuzun daha da kütləviləşməsində, tarixi şüurdan inkişaf fəlsəfəsinin çıxarılmasında bu cür əsərlərin mühüm rolu var. Bu məsələ hələ ki, ədəbiyyatın boynundadır.
-Bəs bu məsələdə tarixçilərimizin rolunu necə qiymətləndirirsiniz?
-Düzdür, bizim tarixçilərimiz də çalışır. Tarixçilərimizin də çox böyük nailiyyətləri var. Bizim milli tarix fəlsəfəmizin yaranmasında akademik Ramiz Mehdiyevin xüsusil rolu mövcuddur. Onun səyi ilə tariximizin müxtəlif dövrləri birbaşa mənbələr əsasında hazırlanıb, onun fəlsəfəsi təhlil olunub. Bunlar böyük hadisələrdir ki, burada ədəbiyyat da iştirak edir.
Artıq biz ədəıbiyyata bir tərəfdən dövlətin müstəqilliyini təmin edəcək yeganə mənəvi potensial kimi baxmırıq. Amma eyni zamanda yenə də ədəbiyyatdan çox şey gözləyirik.
Seymur ƏLİYEV