Ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər – tarixi-mədəni abidələrin və təbiətin məhvi, təbii sərvətlərin talanması, qanunsuz turizm biznesinin formalaşması və s. davam edir. Azərbaycan tərəfi erməni özbaşınalqıları ilə bağlı beynəlxalq ictimaiyyəti və dünya birliyini mütəmadi şəkildə məlumatlandırsa da, təəssüf ki, atılan addımlar böyük mənada heç nəyi dəyişmiş deyil.
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov hesab edir ki, baş verən olayların təhlili Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etmək, ərazi bütövlüyün güc yolu ilə təmin etmək variantını aktuallaşdırır:
“Ermənilərin Qarabağ və ətraf rayonlarda törətdiyi vəhşiliklərin qarşısını almaqdakı ən böyük çətinlik bu torpaqlar üzərində faktiki nəzarətin düşmənə məxsus olmasıdır. Nə qədər ki, işğaldakı torpaqlar ermənilərin əlindədir, onlar bu torpaqlarda istədiklərini edəcəklər. Bu ərazilərin təbii sərvətlərini də talayacaqlar, sularımızı da kəsəcəklər, film də çəkəcəklər və s. Bu gün Paşinyanın Qarabağa gəlib dədəsinin başından böyük qələt etməsi də bununla bağlıdır.
Bunlara son qoymaq üçün Azərbaycan hərbi gücündən istifadə edib əraziləri işğaldan təmizləməlidir. Ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Bunun üçün ordumuzun yetərincə gücü var. Problemin yeganə fundamental həlli yolu budur”.
Seymur ƏLİYEV